Doğumun qeydə alınması necə həyata keçirilir?

Doğum bu barədə  məlumat verən  şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.

Doğumun qeydə alınması üçün kimlər müraciət edə bilər?

Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.

Doğumun qeydə alınması üçün nə vaxt müraciət etmək lazımdır?

Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat yazılır.

Doğum haqqında məlumat:

Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Səhiyyə Nazirliyinə ötürülür. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat EHİS ( Elektron hökumət informasiya sistemi) vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür.

Doğum haqqında məlumatın verilməməsinə görə məsuliyyət:

Doğum haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsinin vəzifəli şəxsləri, həmin məlumatın EHİS vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəzifəli şəxsləri, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində doğum haqqında məlumat verilməzsə,  uşağın valideynləri qanunla müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. (ya onlara xəbərdarlıq edilir, ya da 10 manat məbləğində cərimə tətbiq edilir.)

Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə doğumun qeydə alınması barədə elektron qaydada müraciət daxil olduqda qeydiyyat üçün zəruri olan sənədlər barədə Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar həmin informasiya sistemində aşkar edilmədikdə onları əks etdirən sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir.

Doğumun qeydə alınması üçün hansı sənədlər təqdim edilməlidir:

  1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
  2. valideynlərin nikah haqqında şəhadətnaməsi;
  3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
  4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
  5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd;
  6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;

Yuxarıda qeyd olunan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.

Valideynlərin birinin sənədlərini üzürlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadıqda Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması tələb olunur.

Nikahı olmayan anadan doğulan uşaqlar istisna edilməklə, doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənəd barədə məlumatın təqdim edilməsi tələb olunur.

Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır.

Əkiz doğulan uşaqların doğumunun qeydə alınması zamanı onların hər biri barədə ayrıca qeydiyyat aparılır və hər birinə doğum haqqında şəhadətnamə verilir.

Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir.

Doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.

 Hazırladı: Rəvanə Mehdili – hüquqçu

 

Oxunub: 636