Bu partiyalara dövlət maliyyə yardımının ayrılması üçün yeni qayda müəyyənləşdirilir

Milli Məclisdə təmsil olunan siyasi partiyalara dövlət maliyyə yardımının ayrılması üçün yeni qayda müəyyənləşdirilir.

“Report”un xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Layihədə qeyd edilib ki, yeni çağırış Milli Məclisə keçirilmiş seçkilərdə iştirak edərək etibarlı səslər qazanmış siyasi partiyalara qazanılmış etibarlı səslərin sayı barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi səlahiyyətli tərkibdə formalaşdırıldığı gündən etibarən ayrılır və siyasi partiyalar arasında aşağıdakı qaydada bölünərək bu Qanunun 25.6-cı maddəsinə uyğun olaraq rüblər üzrə onların bank hesabına köçürülür:

Vəsaitin 5 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünür;

Vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər bölünür;

Vəsaitin 50 faizi Azərbaycan Respublikası Milli Məclisinin say tərkibinə bölünür və bunun nəticəsində alınan məbləğ Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilmiş məbləğ həmin siyasi partiyalara ayrılır. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar, habelə digər səbəblərdən Azərbaycan Respublikasının Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayı artdıqda və ya azaldıqda bu vəsaitin həmin siyasi partiyalara ayrılması zamanı da bu maddənin birinci cümləsində nəzərdə tutulmuş qayda tətbiq olunur. Bu maddənin birinci cümləsində siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin müvafiq rüb üzrə istifadə olunmamış hissəsi həmin rübün sonunda Azərbaycan Respublikasının Milli Məclisində siyasi partiyaları təmsil edən deputatların sayına uyğun olaraq proporsional qaydada siyasi partiyalara ayrılır;

Vəsaitin 5 faizi Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara bu Qanunun 25.2.2-ci maddəsinə əsasən aparılmış bölgü nəticəsində hər bir siyasi partiyanın müvafiq rüb üzrə payına düşən həcmdə ayrılır.

Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş təkrar və əlavə seçkilər nəticəsində Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara bu Qanunun 25.2.4-cü maddəsinə uyğun olaraq ayrılacaq vəsait həmin seçkilərin yekunları Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən sonrakı rübdən hesablanır.

Fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara deputatların sayına görə ayrılacaq vəsait həmin deputatların:

1. dövlət qeydiyyatdan keçmiş siyasi partiyanın üzvü kimi qeydə alındığı tarixdən sonrakı rübdən və ya;

2. üzv olduğu siyasi partiyanın dövlət qeydiyyatına alındığı tarixdən sonrakı rübdən hesablanır.