Hansı hallarda şəxs valideynlikdən məhrum edilə bilər?

Ailə Məcəlləsinə əsasən valideynlər və ya onlardan biri valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:

– öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;

– alimenti qəsdən ödəmədikdə;

– heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;

– valideynlik hüquqlarından sui-istifadə etdikdə;

– uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

– xroniki alkoqol və narkomaniya xəstəsidirsə;

– uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

Valideynlik hüquqlarından məhrumetmə qaydası

Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən, onları əvəz edən şəxslərdən birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən və ya onlardan birindən uşağa aliment tutulması məsələsini də həll edir. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynin və ya onlardan birinin hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.

Valideynlik hüquqlarından məhrumetmənin nəticələri

Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi hüquq təminatını itirir, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər və ya onlardan biri ilə uşaqların birgə yaşamaq məsələlərini məhkəmə mənzil qanunvericiliyinə əsasən həll edir. Valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin və ya onlardan birinin uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdir. Uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilə bilər. Uşaq, valideynlərin və ya onlardan birinin valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər.

Valideynlik hüquqları məhdudalşdırlmış şəxslər aşağdakı hallarda bu hüquqlarını bərpa edə bilərlər.
Valideynlərin və ya onlardan birinin həyat tərzi, əxlaqı, uşağın tərbiyəsinə münasibətləri dəyişdikdə, valideynlik hüquqları bərpa edilir. Valideynlik hüquqlarının bərpası valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin və ya onlardan birinin ərizəsinə əsasən məhkəmə yolu ilə həll edilir. Valideynlik hüquqlarının bərpası işinə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır. Valideynlik hüquqlarının bərpası ilə bağlı valideynlərin ərizəsi ilə birlikdə uşağın valideynlərə və ya onlardan birinə qaytarılması tələbinə də baxıla bilər. Valideynlik hüquqlarının bərpası uşağın mənafeyinə zidd olarsa, məhkəmə valideynlərin və ya onlardan birinin valideynlik hüquqlarının bərpası iddiasını uşağın rəyini nəzərə almaqla rədd edə bilər. Uşaq 10 yaşına çatmışsa, ancaq onun razılığı ilə valideynlik hüquqları bərpa edilə bilər. Uşaq övladlığa götürülmüşsə və övladlığa götürmə ləğv edilməmişsə, valideynlik hüquqları bərpa edilə bilməz.

Benefisiar.org

Oxunub: 1333

Əvvəlki məqaləPrezident: “Rəhbər şəxslər əyri yola getsələr, məlumat verin”
Növbəti məqalə“Facebook” yeni sistemi yaradıb