Avtomobillərin sığorta qaydası dəyişir – şirkətlər, yoxsa vətəndaşlar udacaq?

Mütəxəssis: “Mərkəzi Bankın qəbul etdiyi yeni qaydalar sığorta şirkətlərinin gəlirinin artmasına hesablanıb”

Oktyabrın 1-dən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanmasına dair yeni qayda qüvvəyə minib. Bu prosesi tənzimləyən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması Qaydası” Mərkəzi Bankın İdarə Heyəti tərəfindən sentyabrda qəbul edilib.

Mərkəzi Bankın qaydaların qəbulunu zəruri edən amillərlə bağlı açıqlamasına əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə zərərlərin tənzimlənməsi və sığorta haqqı məbləğlərinin hesablanması digər qanunuvericilik aktları ilə yanaşı 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Qanunla tənzimlənir: “Qanun qəbul edildikdən sonra ölkədə AVSMMİS sahəsində elektronlaşma tədbirləri həyata keçirilib, sığorta şəhadətnamələrinin elektron qaydada əldə edilməsi, bu sahədə sığortalanmaya dövlət nəzarətinin həyata keçirilməsi elektron mexanizmlərlə təmin edilib”.

AMB-nin məlumatına görə, görülmüş tədbirlər nəticəsində ölkədə təqribən 1,4 milyon avtonəqliyyat vasitəsinin istifadəçilərinin üçüncü şəxslər qarşısında olan məsuliyyətləri sığorta təminatına alınıb: “Bu sığorta sinfi üzrə 2021-ci il ərzində baş vermiş 69 min sığorta hadisəsi nəticəsində şəxslərin əmlakına və səhhətinə dəyən zərərlər üzrə 74 milyon manat həcmində sığorta təzminatı sığorta şirkətləri tərəfindən şəxslərə ödənilib”.

Zərərlərin birbaşa tənzimlənməsi üzrə hazırlanmış qaydalar iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verdiyi zaman zərərçəkənin AVSMMİS müqaviləsi bağladığı sığortaçıya birbaşa müraciət edərək sığorta ödənişini almasını və zərərçəkənin sığortaçısının öz sığortalısına həyata keçirdiyi sığorta ödənişinin zərərvuran tərəfin sığortaçısından subroqasiya formasında alınması qaydasını müəyyən edir. Qaydalar hər bir sığortaçının öz müştərisinə birbaşa xidmət göstərməsini təmin etməklə AVSMMİS növü üzrə sığortaçı sığortalı münasibətlərinə yeni yanaşma müəyyən edir. Və AMB əmindir ki, onlar xidmət keyfiyyətinin yüksəldilməsi ilə nəticələnəcək: “Eyni zamanda AVSMMİS sahəsində islahatlar çərçivəsində qabaqcıl beynəlxalq təcrübələrə uyğun olaraq sığorta haqqı məbləğlərinin hesablanması üzrə qaydalara da dəyişikliklər edilib. Dəyişikliyə əsasən avtonəqliyyat vasitəsinin istismarı zamanı üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimalları nəzərə alınaraq risk amilləri üzrə əmsallar – sürücünün yaşı və sürücülük təcrübəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına, nəqliyyat vasitəsinin idarə edildiyi bölgənin yol-nəqliyyat intensivliyinə, nəqliyyat vasitəsinin istismar müddətinə görə də əmsallar müəyyən olunur.

Həmçinin müvafiq qaydalarda müəyyən olunmuş bonus-malus sisteminə (sığortalının hadisə törədib-törətməməsindən asılı olaraq tariflərdə tətbiq edilən güzəşt və ya əlavələr) də dəyişikliklər edilib, onun real vaxt rejimində tətbiqi nəzərdə tutulub. Tətbiq edilən yeni bonus-malus sistemi nəqliyyat vasitəsi sahiblərinin avtomobillərini idarə etdikləri zaman şəxslərin əmlakına və səhhətinə zərər vurmamaları məqsədilə daha məsuliyyətli olmağa təşviq edir. Nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sürücülərinin sürücülük məsuliyyətinin artırılmasına və sığorta şirkətlərinin istehlakçılara daha yaxşı xidmət göstərmələrini motivasiya etməklə AVSMMİS sahəsində mövcud problemlərin aradan qalxmasına, sığortaya ictimai inamın artmasına, bütövlükdə sığorta bazarının inkişafına xidmət edəcək”.

Yeni qaydalara görə, sığorta haqları 4 əsas amil nəzərə alınaraq müəyyənləşdiriləcək: İlk öncə sığorta haqqının sürücülər tərəfindən daşıdığı riskin səviyyəsinə görə müəyyənləşdirilməsi nəzərdə tutulur. Baza sığorta haqqı, yəni 50 manat dəyişdirilmir və olduğu kimi qalır. Lakin risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq edilir. Məlumdur ki, sürücünün yaşı və sürücülük təcrübəsi nə qədər azdırsa onun yol-nəqliyyat hadisəsi törətmək riski o qədər yüksəkdir. Ona görə də baza sığorta tarifinə yaş və sürücülük təcrübəsinə görə 1,35-1,05 intervalında əmsallar tətbiq edilir.

Digər risk amili nəqliyyatın intensivliyi ilə bağlıdır. Nəqliyyat vasitələrinin daha sıx, intensiv olduğu yerlərdə yol-nəqliyyat hadisələrinin tezliyi daha yüksək olur. Ona görə də Bakı şəhərinə 1,1, Sumqayıt və Abşerona 1,05, digər bölgələrə isə 0,95 əmsalı tətbiq edilir. Yəni digər bölgələrdə sürücülər daha az sığorta haqqı ödəyəcəklər.

Üçüncü amil nəqliyyat vasitəsinin istismar müddətinə bağlıdır. Daha köhnə nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisə tezliyi yüksək olduğundan istismar müddəti 10 ilin aşan nəqliyyat vasitələrinə 1,05, 20 ili aşan nəqliyyat vasitələrinə 1,1 əmsalı, istismar müddəti 10 ildən az olan nəqliyyat vasitələri üçün isə 1 əmsalı tətbiq olunur.

Dördüncü amil nəqliyyat vasitəsini idarə edənlərin sayına bağlı olaraq tətbiq olunan əmsaldır. Əgər nəqliyyat vasitəsini iki və daha artıq şəxs idarə etmək hüququna malikdirsə, o zaman baza sığorta haqqına 1,15 əmsalı tətbiq edilir

Mərkəzi Bankın icbari avto sığorta sahəsində qəbul etdiyi yeni qaydalar əsasən iki başlıca zərurətlə bağlıdır. Birincisi, hazırda praktika belədir ki, şəxs idarə etdiyi nəqliyyat vasitəsilə üçüncü tərəfə zərər vurduğu halda zərərin ödənilməsi prosesi zərərçəkən tərəflə zərərvuran tərəfin sığortaçısı arasında həll olunur. Yəni zərərçəkən tərəf ödənişi öz icbari sığortaçısından deyil, zərərvuran tərəfin sığortaçısından əldə edir. Belə olan halda zərərlərin ödənilməsi prosesi müştəri-biznes münasibətlərindən kənarda baş vermiş olur. Yəni ödənişi alan tərəf müştərisi olmayan sığortaçı ilə qarşı qarşıya qalmış olur.

Sığorta agentlərinin fəaliyyəti (İlkin İbrahimov) - ARB 24 (Sığorta vaxtı)  - YouTube

 İlkin İbrahimov

Qaydaları dəyərləndirən sığorta sahəsi üzrə ekspert İlkin İbrahimovun “Yeni Müsavat”a dediyinə görə, MB-nin sığorta ödənişləri ilə bağlı tənzimləyici qaydaları noyabrın 1-dən qüvvəyə minəcək: “Mərkəzi Bankın sığorta haqqına dair qaydalara etdiyi əsas dəyişiklik bonus-malus sistemi ilə bağlıdır. Nümunəvi sürücülərin mükafatlandırılması, sığorta haqqında onlara güzəşt olunması əvvəlcədən də var. Lakin məsuliyyətsiz sürücülərə yönəlik çəkindirici tədbirlər yox idi. Yəni kobud məsuliyyətsizlik üzündən tez-tez qəza törədən sürücülərə yönəlik ciddi tədbirlər yox idi, olsa da işləmirdi. İndi sürücünün yaşı, avtomobilin yaşı, sürücülük vəsiqəsinin alınma müddəti, etibarnamənin olub-olmaması və avtomobilin istifadə edildiyi regionlara uyğun olaraq əmsallar tətbiq olunur. Bunlar ədalətin bərpası baxımından müsbət qiymətləndirilməlidir. Nümunəvi sürücünü mükafatlandırır, məsuliyyətsizləri cəzalandırmırdıq. İndi ikincilər üçün inzibati tədbirlər nəzərdə tutulur”.

Mütəxəssis bildirir ki, qaydalardakı dəyişikliklər nəticəsində sığorta haqları orta hesabla 20 faiz artır: “Nümunəvi sürücülər sığorta haqqından güzəşt əldə edəcəklər. İntizamsız, çoxsaylı qəzalara yol verən sürücülər isə daha çox sığorta haqqı ödəyəcəklər. Ümumilikdə götürdükdə, yeni qaydalar vətəndaşların deyil, sığorta şirkətlərinin mənafeyinə daha çox uyğundur. Şirkətlər yeni qaydalarla daha çox gəlir əldə edəcəklər. Sığorta ödənişlərinə dair qaydalara gəlincə, hesab edirəm ki, sığorta haqqının artırılması ilə yanaşı, sığorta ödənişlərinin məbləğinin artırılması vacib idi. Lakin buna gedilmədi. İstehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar buna etirazlarını bildirməlidilər. Çünki yeni qaydalar bilavasitə sığorta şirkətlərinin daha çox gəlir əldə etməsinə hesablanıb”.

İ.İbrahimovun sözlərinə görə, noyabrın 1-dən qüvvəyə minəcək “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə (zərərlərin birbaşa tənzimlənməsi) dair Qayda” vətəndaşlara bir sıra problemlər yaradacaq: “Çox təəssüf ki, qaydaların vətəndaşlar üçün problemlər yaradacaq bəndləri barədə cəmiyyəti məlumatlandırmırlar. Halbuki belə bəndlər az deyil. Məsələn, zəncirvari qəzalarda  sığorta ödənişləri verilməyəcək, gedib yenidən qəzaya səbəb olanın sığortaçısından tələb etməli olacaqlar. Düşünürəm ki, bu məsələlərlə bağlı vətəndaşları məlumatlandırmaq lazımdır. Eyni zamanda istehlakçıların hüquqlarını müdafiə etməli, antiinhisar siyasətini həyata keçirən qurum məsələyə müdaxilə etməlidir. Açığını deyim ki, yeni qaydaların hazırlanması prosesini qapalı apardılar, heç kimin rəyini almadılar”.

Onu da qeyd edək ki, Mərkəzi Bank bu ildən etibarən icbari avtosığorta sahəsində sığorta şirkətlərindən edilən şikayətlər üzrə “şikayət indeksi” açıqlamağa qərar verib. Qurum bunu istehlakçıların məlumatlığının və sığortaçıların istehlakçılara münasibətdə ədalətli davranışının yüksəldilməsi məqsədilə etdiyini deyir. Bildirir ki, indeksin aylıq əsasda yayımlanması nəzərdə tutulub. Şikayət indeksi açıqlandığı tarixdən son 1 il ərzində əldə edilmiş məlumatlar əsasında hər bir sığortaçı üzrə hesablanacaq, aylıq məlumatlar əsasında yenilənəcək.

Reallıqda bu addım vətəndaşların avtomobillərin icbari sığortası haqlarının artımından yarana biləcək narazılığının önlənməsinə xidmət edir.

AMB-nin açıqladığı statistikadya görə, son bir ildə quruma avtomobillərin icbari sığortası üzrə 1 872 şikayət daxil olub. Onların 1 261 ədədi qanunvericiliyə uyğun olaraq tam və yaxud qismən təmin edilib, 536 ədədi üzrə isə qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Bundan başqa, sığortaçılara 107 icrası məcburi göstərişlər verilib, sığortalılara 724 min manat sığorta ödənişinin həyata keçirilməsi təmin edilib.

Ölkədə xüsusilə avtomobil və avtomobil sahiblərinin məsuliyyətinin icbari sığortası sahəsində vətəndaşların sığorta şirkətləri ilə münasibətlərdə qarşılaşdıqları problemlərin miqyası baxımından Mərkəzi Banka ünvanlanan şikayətlərin sayı kifayət qədər azdır. Bu da vətəndaşların tənzimləyici quruma etimadının azlığından irəli gəlir…

musavat.com