Kirayə qaldığımız evi kreditlə necə əldə edə bilərik?

Ölkədə əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi vəsaiti yetərli olmayan vətəndaşların yaşayış sahələrinə tələbatının ödənilməsi, satmaq öhdəliyi ilə kirayə hüquq münasibətlərinin inkişafının təmin edilməsi məqsədilə “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası qəbul edilib. Həmin qaydada İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini alması və satmaq öhdəliyi ilə kirayəyə verməsi ilə bağlı ümumi məsələlər tənzimlənir.

Yaşayış sahəsinin alınması və satmaq öhdəliyi ilə kirayəyə verilməsi zamanı şərtlər nələrdən ibarətdir ?

1) kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;

2) müraciət tarixinə kirayəçinin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır;

3) yaşayış sahəsinin bazar qiymətini müstəqil qiymətləndirici müəyyən etməlidir;

4) kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir;

5) kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir;

6) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaşayış sahəsi üzərində kirayəçinin kirayə hüququ dövlət qeydiyyatına alınmalıdır;

7) yaşayış sahəsi müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar qiymətindən az olmamaq şərtilə sığortalanmalıdır.

Qeyd: Kirayə müqaviləsi bağlanıldıqdan sonra kirayəçi tərəfindən alış qiymətinin vaxtından əvvəl tam və ya qismən ödənişi həyata keçirilə bilər.

Hansı yaşayış sahələri satmaq öhdəliyi ilə kirayəyə verilə bilər ?

  • Fondun satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə satın aldığı yaşayış sahələri;
  • Fondun fəaliyyəti ilə əlaqədar Fondun mülkiyyətinə keçmiş yaşayış sahələri.

Kirayə müqaviləsinin bağlanması üçün müraciət qaydası:

  • Kirayə müqaviləsinin bağlanılması üçün müraciət elektron sistem vasitəsilə edilir. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınır və baxılır. Elektron sistem vasitəsilə müraciət edən şəxsə qeydiyyat nömrəsi verilir və görüş vaxtı təyin edilir. Təyin edilmiş vaxtda görüşə gəlməyən şəxsin növbəsi ləğv edilir. Müraciət edən şəxs öz müraciətində Fondun elektron sistemdə yerləşdirərək satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrindən birinin ünvanını qeyd etməlidir.
  • Fond şəxsin müraciəti və təqdim etdiyi məlumatlar əsasında 5 iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün müraciət edən şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir.
  • Fond razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 10 iş günü müddətində kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilir. Müraciət edən şəxs bu müddətə riayət etmədikdə, kirayə müqaviləsinin bağlanmasından elektron sistem vasitəsilə avtomatik şəkildə imtina edilir.

Yaşayış sahəsinin kirayəçinin istifadəsinə və mülkiyyətinə  verilməsi qaydası?

  • Yaşayış sahəsi kirayə müqaviləsində müəyyən edilən gündən müvafiq təhvil-təslim aktı ilə kirayəçinin istifadəsinə verilir.
  • Yaşayış sahəsinin kirayə müqaviləsində nəzərdə tutulmuş alış qiymətini kirayəçi tam ödədikdən sonra Fond yaşayış sahəsini kirayə müqaviləsində nəzərdə tutulmuş qaydada kirayəçinin mülkiyyətinə verir və kirayəçinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair zəruri hərəkətləri yerinə yetirir.

Kirayə müqaviləsinə hansı halda xitam verilir?

  • Kirayəçi kirayə müqaviləsi üzrə alış qiymətini tam ödədikdə və yaşayış sahəsi kirayəçinin mülkiyyətinə keçdikdə, kirayə müqaviləsi üzrə kirayə hüquq münasibətlərinə xitam verilir.
  • Kirayəçi Fondu 30 gün əvvəlcədən xəbərdar etməklə, kirayə müqaviləsinə birtərəfli qaydada xitam verilə bilər.

Aşağıdakı hallarda Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verir: 

  • kirayəçi yaşayış sahəsini təhvil almadıqda;
  • kirayəçi yaşayış sahəsinin istifadəsi ilə bağlı öhdəliklərini pozduqda, habelə kirayə müqaviləsi qüvvədə olduğu müddətdə yaşayış sahəsinin saxlanılması üzrə kommunal xərcləri və digər məcburi ödənişləri 60 gün və daha çox müddətə ödəmədikdə;
  • kirayəçi aylıq ödənişi 60 gün müddətində ödəmədikdə. Kirayəçi kirayə hüququnu başqa şəxsə ötürmək barədə Fonda müraciət etdikdə, bu müddət 30 günə qədər uzadıla bilər;
  • kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə;
  • yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə;
  • kirayəçi yaşayış sahəsini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə verdikdə.

Qeyd: Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul etdikdə, bu barədə kirayəçiyə və ya onun vərəsələrinə 3 iş günü müddətində bildiriş göndərməlidir.

Aynur Məhərrəmli – hüquqçu

 

Oxunub: 1541