Tikinti ilə bağlı sənədlərin təqdim edilməsi qaydası sadələşdirilir

Tikinti ilə bağlı sənədlərin təqdim edilməsi qaydası sadələşdirilir.

“Report” xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə obyektlərin tikintisi ilə bağlı tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilməyəcək.

Layihəyə əsasən, həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadıqda onlar sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunacaq və yaxud sifarişçi tərəfindən təmin ediləcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.