Tikintiyə dair hansı tələblər və cəzalar var?

Hər hansı torpaq sahəsində tikinti obyektinin, xüsusilə də binanın tikintisinə yalnız həmin torpaq sahəsinin avtomobil yoluna çıxışı olduğu hallarda yol verilir.

Bəs tikinti obyekti, xüsusilə çoxmənzilli binalar hansı tələblərə uyğun layihələndirilməli və tikilməlidir?

Həmin tələblər aşağıdakılardır:

  • yanğın təhlükəsizliyi baxımından etibarlı, həmçinin yanğına qarşı davamlı olmalıdır;
  • sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir;
  • istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalıdır;
  • səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir;
  • istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalıdır;
  • enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı tələblərə uyğun olmalıdır;
  • əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində);
  • tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır.

Tikinti obyektlərinin təbiətin zərərli təsirlərindən və texnogen xarakterli təsirlərdən mühafizəsi haqqında müddəalar tikinti layihəsində nəzərdə tutulmalıdır:

  • Tikinti obyektlərinin seysmiklik dərəcəsi seysmik rayonlaşdırma (zonalaşdırma) və mikrorayonlaşdırma xəritələri əsasında tikintinin layihələndirilməsi zamanı müəyyən edilir.
  • Mühəndis-axtarış işlərinin nəticələri ilə bağlı müvafiq sənədlər olmadan tikinti obyektinin layihələndirilməsinə yol verilmir. Mühəndis axtarış işləri – tikinti ərazisinin hüdudları daxilində torpaq sahəsinin səmərəli və təhlükəsiz istifadəsi üçün təbii (geoloji) şəraitin və texnogen təsirlərin öyrənilməsi, eləcə də ərazinin planlaşdırılması, tikinti obyektlərinin layihələrinin hazırlanması və əsaslandırılması üçün zəruri olan məlumatların toplanması məqsədilə həyata keçirilən fəaliyyətdir.

Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin, xüsusilə çoxmənzilli binaların istismarına icazə üçün tələb olunan sənədlər aşağıdakılardır:

  • tikintiyə icazə;
  • xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar;
  • tikinti obyektinin ünvanı haqqında arayış;
  • liftlərin istismara qəbulu aktı;
  • kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həmin Agentliyin arayışı;
  • tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı;
  • obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış;
  • obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə);
  • obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt;
  • sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı;
  • tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı).

Qeyd: Müharibə şəraitində, hərbi və ya fövqəladə vəziyyətlərdə, digər fövqəladə hallarda əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədi ilə tikinti obyektlərinin layihələndirilməsi və tikintisi zamanı mülki müdafiə ilə bağlı tələblərə əməl olunması zəruridir.

İndi isə tikinti materialları və məmulatlarına dair tələblərlə tanış olaq:

  • Tikinti materiallarının və məmulatının uyğunluq sertifikatı olmalıdır.
  • Tikintidə yalnız sertifikatlaşdırılmış və yanğın təhlükəsizliyinə dair qanunvericiliyin tələblərinə uyğun tikinti materiallarından və məmulatından istifadə edilməlidir.
  • Tikintinin layihə sənədlərində tikintidə istifadə ediləcək tikinti materiallarının və məmulatının təsnifatı və xarakteristikası göstərilməlidir.
  • Tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasının etibarlılığına, müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərəuyğunluğuna əsaslı şübhələr olduğu hallarda,  həmin tikinti materialları və məmulatı nümunələrinin standartlara uyğunluğu tikinti materiallarının və məmulatının sertifikatlaşdırılmasını həyata keçirən müəssisələrin laboratoriyaları, habelə sınaq laboratoriyaları tərəfindən yoxlanılır.
  • Tikinti materialları və məmulatı uyğunluq nişanı ilə işarələnmədikdə və ya uyğunluq nişanı ilə qanunsuz işarələndikdə, həmin materiallardan və məmulatdan istifadə qadağan edilir.
  • Tikinti materiallarının və məmulatının fərqli xassəli materiallarla və məmulatla əvəzlənməsi üçün tikintiyə icazə vermiş orqanın (qurumun)icazəsi tələb olunur. Tikintiyə icazə üçün Bakı şəhəri ərazisində tikilməsi nəzərdə tutulan tikinti obyektləri ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına, digər şəhər və rayonlarda tikilməsi nəzərdə tutulan tikinti obyektləri ilə bağlı yerli icra hakimiyyəti orqanına müraciət olunmalıdır.

Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozmaya görə məsuliyyət:

Cinayət Məcəlləsinin 222.1.-ci maddəsinə görə tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda – 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda – 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə,  ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda isə 3 ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 222-3-cü maddəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti, yenidən planlaşdırma, yenidənqurma və mövcud tikililərin konstruksiyalarında dəyişiklik aparılması işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarının qərəzli olaraq icra etməmə – 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsi

İnzibati Xətalar Məcəlləsinin 394-cü maddəsinə görə şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunvericiliyin pozulmasına, yəni:

1.lisenziya olmadan tikintisinə icazə tələb olunan və ya barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, yaxud tikintisinə icazə tələb edilən bina və qurğuların mühəndis-axtarış və ya tikinti-quraşdırma işləri ilə məşğul olmağa;

  1. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla müfəssəl planlarda dəyişiklik edilməsinə;
  2. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən ekspertizadan keçirilməsi tələb olunan tikinti layihələrini ekspertizadan keçirmədən tikinti obyektlətinin tikintisinin həyata keçirilməsinə;
  3. müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan dini ibadət yerinin tikintisinə və ya mövcud dini ibadət yerinin yenidən qurulmasına;
  4. mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydalarını pozmağa;
  5. tikintisinə icazə tələb edilən tikinti obyektinin istismara verilməsi qaydalarını pozmağa;
  6. tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının  Şəhərsalma və Tikinti Məcəlləsi iləmüəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə görə – fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 15000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.

 Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxunub: 804