Azərbaycan və Türkiyə arasında ölkəmizdə Elektron Beton Monitorinq Sisteminin (EBIS) yaradılması üçün əməkdaşlıq protokolu imzalanıb. Bu sistem Türkiyədəki zəlzələlərdən sonra əldə edilmiş təcrübələrlə texnoloji inkişafı uyğunlaşdırmaq, mümkün problemləri bəri başdan aradan qaldırmaq, daha effektiv və səmərəli yoxlamanı təmin etmək məqsədi ilə yaradılıb.
Məsələ ilə bağlı əmlak üzrə ekspert Ramil Qasımzadə Trend-ə bildirib ki, bu protokolun imzalanması müsbət addımdır.
“Bundan əvvəl də ölkəmizdə betonun keyfiyyətini yoxlamaq üçün müvafiq qurumlar tərəfindən iş aparılırdı. Davamlı olaraq monitorinqlər həyata keçirilirdi. Hər bir Mənzil Tikinti Kooperativi (MTK) və Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) bina tikməzdən əvvəl Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və nazirliyin tərkibində bu işə cavabdeh olanlar betonun tərkibində nümunələr götürüb onun yoxlamasını müxtəlif vasitələrlə həyata keçirir”, – deyə ekspert vurğulayıb.
R.Qasımzadə qeyd edib ki, Türkiyəli mütəxəssislərinin bu sahədə mütəxəssislərimizdən öyrənməli olduğu çox işlər var.