Bankdakı əmanətlərə görə kompensasiya necə alınır?

Əmanət  nədir?

Hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi,  həmçinin qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. Notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitlər də əmanət hesab olunur.

Bank əmanəti müqaviləsi nədir?

  • Bank əmanəti müqaviləsinə görə bir tərəf, yəni bank başqa tərəfdən, yəni əmanətçidən daxil olmuş və ya əmanətçi üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edib, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
  • Pul vəsaitini əmanətlərə cəlb etmək hüququna qanunla müəyyənləşdirilmiş qaydada verilən xüsusi icazəyə (lisenziyaya) uyğun olaraq buna hüququ çatan banklar və poçt rabitəsinin milli operatoru malikdirlər.

Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir.

Sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir.

Sığorta hadisəsi nədir?

İştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinin təxirə salınması barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı (Mərkəzi Bankın tabeliyində olan qurum) tərəfindən təsdiq edilməsidir.

Sığorta hadisəsi baş verdikdə hansı məbləğdə kompensasiya ödənilir?

  • Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.
  • Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə kompensasiya 20 (iyirmi) min manatdan çox olmamaqla, notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə həmin pul vəsaitlərinin 100 faizi həcmində ödənilir.

Kompensasiya hansı valyuta ilə ödənilir?

  • Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.
  • Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir.

Əmanətçinin bir neçə əmanəti olduqda kompensasiya necə ödənilir?

  • Bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur.
  • Sığorta hadisəsi əmanətçinin əmanəti olan bir neçə iştirakçı bankda baş verdikdə, kompensasiya hər bir bankda olan əmanət üzrə ayrı-ayrılıqda ödənilir.

Əmanət qəyyum, himayəçi və ya üçüncü şəxsə məxsus olduqda kompensasiya necə ödənilir?

Əmanət üzrə sərəncam vermək hüququ qanunvericiliyə uyğun olaraq qəyyuma və ya himayəçiyə, yaxud müqaviləyə və ya etibarnaməyə müvafiq olaraq üçüncü şəxsə məxsus olduqda, kompensasiya həmin şəxsə ödənilir. Bu zaman qəyyumun və ya himayəçinin həmin bankda əmanəti olduqda, bu əmanət üzrə ayrıca kompensasiya ödənilir.

Hansı halda kompensasiya ödənilmir?

İştirakçı bankın bank lisenziyasının ləğv edildiyi və ya fiziki şəxslərdən əmanətləri cəlb etmək hüququnun maliyyə bazarlarına nəzarət orqanı tərəfindən dayandırıldığı gündən sonra qəbul edilən əmanətlər üzrə kompensasiya ödənilmir.

Kompensasiyanın alınması üçün müraciət qaydası necədir?

  • Əmanətlərin Sığortalanması Fondu sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqanından bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində mediada kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir.
  • Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir.
  • Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir.

Ərizəyə hansı sənədlər əlavə olunur?

  • Əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir.
  • Kompensasiyaların alınması üçün müraciət edilməsi ilə əlaqədar tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər müraciət edəndən tələb edilmir.
  • Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Kompensasiya əmanətçiyə hansı müddətdə ödənilməlidir?

Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə Fond kompensasiyanın ödəniş müddətini 90 təqvim gününədək uzada bilər.

Mübahisələr necə həll edilir?

  • Əmanətçilər kompensasiyaların ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli üçün Fondun Himayəçilik Şurasına və ya məhkəməyə müraciət edə bilərlər.
  • Fondla iştirakçı banklar arasında baş vermiş mübahisələrə Fondun Himayəçilik Şurasında baxılmalıdır. Mübahisənin həllindən narazı qalan tərəf qanunvericiliyə müvafiq qaydada məhkəməyə müraciət edə bilər.

 Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxunub: 601