Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus Firudin Etibar oğlu Zeynalov Penitensiar Xidməti məhkəməyə verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3 və digər maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bu haqda F. Zeynalovun hüquqlarının müdafiəsi ilə məşğul olan Hüquqşünaslar Qrupunun koordinatoru, hüquqşünas Səyyad Yusifli məlumat verib.
Məlumatda deyilir:
F. Zeynalov həbs olunmazdan əvvəl ölkədə və dünyada baş verən hadisələrlə yaxından maraqlanıb və hazırda onun gündəlik xəbərləri oxumasına, ölkədə baş verən hadisələri və məhkəmə işləri barədə xəbərləri, qərarları izləməsinə ehtiyacı var. Bundan əlavə, onun hüquqlarının pozuntusu ilə bağlı Avropa İnsan hüquqları Məhkəməsinə 2 şikayət göndərilib, bir şikayətin də göndərilməsi planlaşdırılır.
F. Zeynalovun vəkili Penitensiar Xidmətə müraciət edərək F. Zeynalovun nəzarət altında “www.e-qanun.az”, “www.president.az”, “www.azertag.az”, “echr.coe.int”, www.meclis.gov.az internet saytlarına daxil olmasına şərait yaradılmasını xahiş edib. Penitensiar Xidmət 02 avqust 2023-cü il tarixli cavabında göstərib ki, müraciətin təmini imkan xaricindədir.
F. Zeynalov hesab edir ki, Penitensiar Xidmətin bu imtinası qanunsuzdur və onun məlumat almaq hüququnu pozur.
Buna görə də F. Zeynalov məlumat əldə etmək hüququnun pozuntusuna dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib.
İddia ərizəsində F. Zeynalovun internet saytlarına girişə icazənin verilməsi öhdəliyinin Penitensiar Xidmətin üzərinə qoyulması qeyd edilib.
Qeyd edək ki, F. Zeynalovun vəkili Fariz Namazlıdır.
Benefisiar.org