Hansı halda mübahisələrə inzibati məhkəmələrdə baxılır?

Hüquq münasibətlərinin genişliyi təkcə fiziki şəxslər arasında deyil, hüquqi şəxslər, eyni zamanda, fiziki şəxs və ya  hüquqi şəxslə inzibati orqan arasında da mübahisələrin yaranmasına əsas ola bilir.

  • Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir.
  • Hüquqi şəxs dedikdə isə fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradılan müəssisə başa düşülür. Buraya kommersiya hüquqi şəxslər, qeyri-kommersiya hüquqi şəxslər və publik hüquqi şəxslər daxildir.
  • İnzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür.

Fiziki şəxs və ya hüquqi şəxslə inzibati orqan arasında mübahisə yaranarsa, bu məsələyə hansı məhkəmədə baxılmalıdır? İnzibati, yoxsa ümumi məhkəmələr ?

Bu məsələnin aydınlaşdırılmasında “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikasının Ali Məkəməsinin Plenum qərarı bizə kömək edəcək.

Belə ki, mübahisənin məhkəmə aidiyyətini müəyyən etməzdən əvvəl, ilk növbədə tərəflər arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən etməliyik. Nədir ümumi və xüsusi hüquq?

  • Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar bərabərhüquqludur və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Məsələn, mülki hüquq münasibətləri, ailə hüquq münasibətləri və s.
  • Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məsələn, cinayət hüququ, inzibati hüquq və s.

İnzibati mühahisələr hansı münasibətlərdən irəli gəlir?

Öncə onu qeyd edək ki, İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

Bir sözlə, inzibati məhkəmələr inzibati mübahisələrə baxır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Yəni ümumi (publik) hüquq münasibətlərindən irəli gəlir.

Tərəflərdən biri kimi fiziki şəxs və ya hüquqi şəxs, qarşı tərəf kimi isə inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyətinə malik olan fiziki və ya hüquqi şəxs çıxış edirsə, eyni zamanda, inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı münasibətlərdən irəli gələn mübahisə yaranıbsa, həmin mübahisəyə inzibati məhkəmələrdə baxılır. Belə ki, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri inzibati orqan olmalıdır.

İnzibati orqanların tərəf kimi çıxış etdiyi mübahisələrə hər bir haldamı inzibati məhkəmələrdə baxılır? 

  • Onu qeyd edək ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir.
  • Həmin orqan hakimiyyət səlahiyyətliliyindən savayı, mülki dövriyyənin bərabərhüquqlu subyekti kimi də çıxış edə bilər. Bu zaman həmin mübahisəyə aidiyyəti üzrə (kommersiya məhkəmələri, rayon (şəhər) məhkəmələri və s.) baxılacaq.

Bəs hansı halda işlərə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılır ?

 

  • Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, yəni tərəflər bərabər hüquqlu olduqda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.
  • Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyinə görə fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
  • Əgər mübahisə torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gəlibsə, həmin müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır.
  • İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
  • Maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.
  • İnzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır.

Qeyd: İnzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz.

Benefisiar.org

Oxunub: 52