Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs sosial yardım alınması üçün müraciət edə bilər.
Bunun üçün öncə yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti nümayəndəliklərinin “ailə tərkibi haqqında” arayışı və həmin arayışa əsasən notarial qaydada təsdiq olunmuş “təmsilçilik barədə” ərizə əldə edilməlidir.
Təmsilçilik barədə ərizə təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədədir.
Təmsilçi kompüter və ya mobil telefondan istifadə edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (www.sosial.gov.az) yerləşdirilmiş Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) daxil olmalı və ya elekron hökumət portalında (www.e-gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri siyahısında “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” bölməsinə daxil olaraq müraciət etməlidir.
Təmsilçi şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və təmsilçilik ərizəsində göstərilən kodu elektron sistemə daxil etməklə “Ərizə-bəyannamə”ni doldurur.
Müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qərar verilməzdən əvvəl qeyd edilmiş məlumatlar yoxlanılır, ailənin maddi-məişət şəraitinin müayinəsinin keçirilməsi üçün müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya “DOST” mərkəzlərinin sosial yardım üzrə işçisinə ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir.
Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür və müvafiq qərar qəbul edilir. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.
Ünvanlı sosial yardım üçün müraciətdən hansı hallarda imtina edilir?
- “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda;
- sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondanyuxarı olduqda;
- sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə;
- ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);
- ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin struktur bölməsi və ya Mərkəztərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);
- ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda;
- ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
Ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər (42,75 manat) və ya ondan yuxarı olduqda (2025-ci il üçün ölkə üzrə yaşayış minimumu 285 manat təşkil edir.)
Bölmə və ya Mərkəzin sosial yardım üzrə işçisi tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsi aparılarkən – ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvanının düzgün olmamasının, o cümlədən ailənin əmlakı barədə məlumatın düzgün göstərilməməsinin aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin ailənin növbəti müraciəti zamanı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.
Ünvanlı sosial yardımla bağlı müraciət zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən imtinadan inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.
Hal-hazırda ünvanlı dövlət sosial yardımın təyin olunması məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat təşkil edir.
Yazı yenilənib
Benefisiar.org