Məqsədli nikahla əlaqəli yeni layihə üzərində işlənilir.
“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya siyasəti və hüquqi təminat Baş İdarəsinin Hüquqi təminat idarəsinin rəisi Nizami Quliyev deyib.
O bildirib ki, bir neçə ölkənin təcrübəsinə baxılıb: “Artıq şəxs nikaha daxil olduğu halda onun məqsədinin nə olduğunu və nikahının dəqiqliyini yoxlaya biləcəyik. Çünki məqsədi ortaya çıxarmaq ağır prosesdir. Hazırda məqsədli nikahları yalnız müraciətlər əsasında müəyyən edə bilirik. Yeni hazırlanacaq layihədə bütün bu məsələlər nəzərdə tutulub”.
Azərbaycanda qanunsuz yaşayan əcnəbilərin ölkə vətəndaşı ilə nikaha daxil olması qadağan edilir.
“Report”un xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.
Sənəddə qeyd edilib ki, Azərbaycan ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün son anda mümkün asan vasitə olaraq Azərbaycan vətəndaşı ilə nikah bağlamağı seçirlər. Bu hal Azərbaycan vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir.
Təqdim olunan qanun layihəsi də məhz ölkəmizdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınması, o cümlədən miqrasiya qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb.
Belə ki, layihədə Ailə Məcəlləsinin nikahın bağlanmasına mane olan halları əks etdirən 12-ci maddəsinə dəyişiklik edilməsi təklif olunur. Bu dəyişikliyə əsasən aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan və yaxud yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.
Xaricdəki Azərbaycan vətəndaşlarının nikahla əlaqədar tibbi müayinədən keçmələrinə görə yeni qayda müəyyənləşir.
“Report”un xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.
Layihədə qeyd edilib ki, mövcud ailə qanunvericiliyinə uyğun olaraq nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Lakin həmin şəxslərin tibbi müayinəsi və onlara müvafiq məsləhətlər verilməsi ilə bağlı nəzərdə tutulan qayda Azərbaycanın səfirlikləri və konsulluqlarının akkreditə olunduğu ölkələrdəki hallara şamil edilmir. Eyni zamanda Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”nın 2.1-ci bəndinə əsasən tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən müəyyən edilmiş dövlət və (və ya) bələdiyyə tibb müəssisəsində həyata keçirilir.
Bu baxımdan, ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşları arasında nikah bağlanılması məqsədilə həmin vətəndaşlar tələb olunan tibbi müayinədən keçmələri üçün Azərbaycan Respublikasına gəlməlidirlər. Bu isə nikaha daxil olmaq istəyən şəxslər üçün maliyyə və vaxt itkisinə səbəb olur.
Məhz bu müddəalardan irəli gələrək təqdim olunan qanun layihəsində Ailə Məcəlləsinin 13-cü maddəsində dəyişiklik edilməsi nəzərdə tutulur.
Dəyişikliyə əsəsən Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikah bağlamaq istəyən şəxslrin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin (konsulluq idarəsinin) akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçmələri, habelə Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə ərizəyə həmin tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənədin əlavə edilməsi təklif olunur.