Hansı hallarda ölkədən çıxışa məhdudiyyət qoyula bilər?

Miqrasiya Məcəlləsində göstərilir ki, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Lakin vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

  • Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə – azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;
  • məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək;
  • Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;
  • üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;
  • hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda – məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək;
  • müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;
  • məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;
  • vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək;
  • beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı – profilaktik peyvəndlər edilənədək.

Ölkədən getmək hüququnun məhdudlaşdırılmasını necə bilmək olar?

Ölkədən getmək hüququnun məhdudlaşdırılması məhkəmə qaydasında həyata keçirilir. Yəni vətəndaşların vergi və ya sosial ödənişlərlə bağlı borclarına görə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarının könüllü icrası müddətini keçməyinə görə ölkədən getmək hüququ məhkəmənin qərarı ilə məhdudlaşdırılır. Bu halda isə şəxslər SMS, poçt və sair rəsmi mənbələr vasitəsilə məlumatlandırılır.

Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin tətbiq etdiyi “stop”-ları internet üzərindən şəxsi məlumatları təqdim etməklə öyrənə bilərsiniz. E-Polis mobil tətbiqi vasitəsilə və ya Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin saytına daxil olmaqla ölkədən getmək hüququnuza məhdudiyyət qoyulub-qoyulmaması ilə bağlı məlumat əldə edə bilərsiniz.

İstintaq orqanlarının tətbiq etdikləri “stop”-larda isə məlumat alma mexanizmi yoxdur. Əgər hər hansı cinayət hadisəsi ilə əlaqəniz olmuş və ya cinayət prosesində iştirak edən şəxs kimi tanınmışsınızsa (şahid, tərcüməçi və s.) sərhəddə ölkədən çıxışınızın məhdudlaşdırılması haqqında məlumatla rastlaşma ehtimalınız böyükdür. Bu halda səyahətə çıxmazdan əvvəl Dövlət Sərhəd Xidmətinə barənizdə məhdudiyyət olub-olmaması ilə bağlı müraciət göndərə bilərsiniz.

Qanuna zidd olaraq tətbiq olunmuş “stop” vətəndaşlara zərər vurduqda nə etməli?

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun və Cinayət-Prosessual Məcəlləsinin 56-cı maddəsinə əsasən qanuna zidd olaraq təyin olunmuş “stop”-a görə vətəndaşların məhkəmə qaydasında kompensasiya almaq hüququ vardır. Belə ki, istintaq orqanın tətbiq etdiyi və heç bir elektron platformada məlumatın alınması mümkün olan və ya olmayan “stop”-lara görə aşağıdakı şəxslər dəymiş ziyanı tələb edə bilər:

  • Bəraət almış təqsirləndirilən şəxs;
  • Barəsində yalnız qanunda nəzərdə tutulmuş müvafiq əsaslarla cinayət təqibinə xitam verilmiş və ya verilməli olan şəxs;
  • Qanunsuz olaraq cinayət prosesində tətbiq olunmuş prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs.

Benefisiar.org