Bu gündən notariuslar daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiq edilməsi üçün “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları real vaxt rejimində əldə edə biləcək.
APA-nın məlumatına görə, bu, Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının qərarı ilə təsdiqlənən və bu gündən qüvvəyə minən “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi arasında elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsinin təhlükəsizliyinə dair tələblər, qarşılıqlı əməkdaşlıq və arayışın əldə edilməsinə görə ödənişlərin həyata keçirilməsi Qaydası”na dəyişikliklərdə əksini tapıb.
Beləliklə, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi (DƏQKİS”) və Ədliyyə Nazirliyinin Elektron Notariat İnformasiya Sistemi (Enotariat) arasında real vaxt rejimində qarşılıqlı şəkildə “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ötürülməsi həyata keçiriləcək. Notarius, “Notariat haqqında” qanunda nəzərdə tutulan notariat əməliyyatlarının aparılması ilə bağlı rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndələri DƏQKİS-dən “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı real vaxt rejimində müraciət edən fiziki şəxslər üzrə şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsini, hüquqi şəxslər üzrə isə VÖEN-ni və ya müraciət etmiş şəxs tərəfindən təqdim olunmuş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks olunmuş reyestr nömrəsini, qeydiyyat nömrəsini daxil etməklə “Notariat haqqında” qanun ilə müəyyən edilmiş qaydada əldə edəcəklər. Real vaxt rejimində elektron formada notariuslara verilən “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın Təsviri” ilə veriləcək. Real vaxt rejimində notarius,”Notariat haqqında” qanunda nəzərdə tutulan notariat əməliyyatlarının aparılması ilə bağlı rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndələri tərəfindən əldə edilmiş çıxarış çap edilərək onun əsasında qanunla nəzərdə tutulmuş əməliyyat aparılacaq. Səbəbindən asılı olmayaraq müqavilə notariat qaydasında təsdiqlənmədikdə əldə edilmiş çıxarış ərizəçiyə təqdim ediləcək.
“Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın real vaxt rejimində əldə edilməsi və müqavilələrin elektron formada ötürülməsi ilə bağlı araşdırılması tələb edilən məsələlər yarandıqda tərəflər həmin sistemlər vasitəsilə elektron qaydada müraciət edəcək. Sorğuya 1 iş günü müddətində sistemlər vasitəsilə cavab veriləcək. Notariusun, ”Notariat haqqında” qanunda nəzərdə tutulan notariat əməliyyatlarının aparılması ilə bağlı rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndələri müəyyən tarix və saatda əldə etdiyi çıxarış təhlükəsiz şəkildə yaddaşda saxlanılacaq. Eyni zamanda notarius, ”Notariat haqqında” qanunda nəzərdə tutulan notariat əməliyyatlarının aparılması ilə bağlı rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndələri əldə edilmiş çıxarışı çap edərək çap edildiyi tarix və saat əks etdirilməklə kağız daşıyıcısında saxlayacaq.