Məişət zorakılığının hansı formaları var?

“Məişət zorakılığı haqqında” qanuna əsasən  yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması halıdır. Məişət zorakılığı fiziki, psixi, cinsi və iqtisadi zorakılıq şəklində ola bilər.

1) Məişət zəminində fiziki zorakılıq bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi,  yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması;

2) Məişət zəminində psixi zorakılıq bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri;

3) Məişət zəminində cinsi zorakılıq bu Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsi;

4) Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi bu Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan sui-istifadə etməsinə yönəlmiş hərəkətləri.

Bu qanun kimlərə şamil olunur?

1) yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər), habelə birgə yaşadığı hallarda digər qohumlara;

2) nikah pozulduqdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada;

3) qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və ya himayəçilik təyin edilmiş şəxslərə;

4) qanuni nikahda olmadan birgə yaşayan kişi və qadına, habelə onlarla birgə yaşayan yaxın qohumlarına.

Mühafizə orderi nədir və nə üçün verilir?

Mühafizə orderi-məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır. Zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.

Qısamüddətli mühafizə orderi

Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu zaman zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər.

Bu zaman məişət zorakılığını törətmiş şəxsə bu hərəkətlər qadağan edilə bilər:

  • məişət zorakılığının təkrar törədilməsi;
  • zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;
  • zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.

Müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq etməli və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verməlidir.

Uzunmüddətli mühafizə orderi

Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət edə bilərlər. Bu zaman uzunmüddətli mühafizə orderində aşağıdakılar nəzərdə tutula bilər:

  • məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları;
  • yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;
  • zərər çəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri;
  • mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat.

Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir. Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısını almaq, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qanunvericiliklə müəyyən edilmiş qaydada qapalı məhkəmə iclasında baxıla bilər.

Məişət zorakılığının qarşısının alınması sahəsində hansı tədbirlər görülür?

1) hüquqi xarakterli tədbirlər – məişət zorakılığı hallarının araşdırılmasını, məişət zorakılığına yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsini;

2) sosial xarakterli tədbirlər – zərər çəkmiş şəxslərin sosial müdafiəsi üzrə, o cümlədən müvəqqəti sığınacaqla təmin edilməsini, onlara dövlət hesabına hüquqi və tibbi yardımın göstərilməsini, habelə digər sosial yönümlü tədbirlərin həyata keçirilməsini;

3) qabaqlayıcı tədbirlər – əhali arasında məişət zorakılığının mənfi hüquqi, tibbi və sosial nəticələrinin izah edilməsini, məişət zorakılığının qarşısının alınmasına yönəlmiş digər maarifləndirmə tədbirlərinin təşkilini aid etmək olar.

İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsinə görə, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə 100 manatdan 300 manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Habelə, məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə 300 manatdan 500 manatadək cərimə nəzərdə tutulub.

Yuxarıda göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadığı halda  inzibati məsuliyyət yaradır.

Hazırladı: Aynur Məhərrəmli

Oxunub: 354

Əvvəlki məqaləŞəhidlərlə bağlı bu qanuna dəyişiklik edildi
Növbəti məqaləNazirdən pensiya yaşı ilə bağlı açıqlama