Özəlləşdiriləcək müəssisə və obyektlərə dair vahid məlumat bazası hazırlanıb

Azərbaycanda özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərə dair vahid məlumat bazası və 2018-ci il üzrə “Özəlləşdirmə Gündəliyi” hazırlanıb.

“APA-Economics” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti”nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Sənəddə qeyd edilib ki, prioritet sektorlar daxil olmaqla, dövlət əmlakının idarə olunmasının səmərəliliyinin artırılması, özəlləşdirilməsi və idarəetməyə verilməsi sahələrində yeni yanaşmaların tətbiqinə başlanılmış, özəlləşdirilən dövlət əmlaklarının müstəqil qiymətləndiricilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilməsi və açıq hərraclar (o cümlədən elektron hərraclar) vasitəsilə satışa yönəldilməsi təmin edilib. Nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər cəlb etməklə, əsasən prioritet sektorları əhatə edən müəssisələrin qiymətləndirilməsi aparılıb və potensial inkişaf istiqamətləri təhlil edilib.

Yeni formatda artıq 60-a yaxın hərrac keçirilib, həmin hərraclarda 1500-dən artıq dövlət əmlakı satışa çıxarılıb. Potensial alıcıların özəlləşdirilən müəssisələr haqqında daha dolğun məlumatlandırılması məqsədi ilə “Özəlləşdirmə Portalı” yaradılıb, özəlləşdirilən müəssisələrin foto görüntüləri, ortofoto xəritələri, müəssisə haqqında məlumat, onun qısa GZİT təhlili, ilkin marketinq araşdırması və s. haqqında məlumatlar portalda yerləşdirilib. Yeni yanaşma hesab olunacaq daha bir məqam ondan ibarətdir ki, bundan sonra özəlləşdirilən istehsal təyinatlı müəssisələr əsasən investisiya müsabiqələri vasitəsilə özəlləşdiriləcək və bu zaman potensial alıcılardan İnvestisiya Proqramı (biznes-planın) icra olunması tələb olunacaq.