Avropa Məhkəməsi 11 iş üzrə araşdırmaya başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan 2015-2017-ci illərdə daxil olmuş daha 11 şikayət üzrə araşdırmaya başlayıb. Onlar QHT nümayəndələrinin və hüquqşünasların bank hesablarının dondurulması, həmçinin Nardaran hadisələri ilə həbs edilənlərin iddiaları ilə bağlıdır.

AİHM-nin məlumatında deyilir ki, 4 şikayət prokurorluğun QHT-lərə qarşı cinayət işi çərçivəsində vətəndaş cəmiyyəti nümayəndələrinin bank hesablarını dondurması ilə bağlıdır.

Ərizəçilər Sərdar Qasımov, Səadət Mehdiyeva, Ülviyyə Axundova və “Adil İsmayılov və tərəfdaşları” firmasıdır.

Ərizəçilər bank hesablarının dondurulmasını əsassız hesab edirlər və AİHM-dən Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyət hüququ), Konvensiyanın 10-cu maddəsinin (ifadə azadlığı hüququ) hüquqlarının pozulmasını tanımağı xahiş edirlər.

6 ərizə Nardaran hadisələri ilə bağlıdır: inzibati məsuliyyətə və cinayət məsuliyyətinə cəlb edilmiş Əhsən Nuruzadə, Əlimdar İsmayılov, Sevda Süleymanova, Xanlar Dadaşov, Rəhim Vəliyev və Yusif Qarayev haqqında.

İddiaçılar 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 8-ci (şəxsi həyata və ailə həyatına hörmət) maddələr üzrə hüquqlarının pozulduğunu hesab edirlər.

Daha bir şikayət Azərbaycanda saxlanılmış və “Fetö” işi (Fətullah Gülən) ilə əlaqədar Türkiyəyə təhvil verilmiş Türkiyə vətəndaşı Taci Şentürk adından verilib.

Şentürk BMT Qaçqınlar üzrə Ali Komissarlığına siyasi sığınacaq üçün müraciət etməsinə və Türkiyədə işgəncəyə məruz qalması təhlükəsinə baxmayaraq təhvil verilib. AİHM hökumətə bu işlərlə bağlı suallar göndərib.

Turan İnformasiya Agentliyi