Banklar necə ləğv edilir?

Bankın ləğvi 2 qaydada həyata keçirilir:

  • Könüllü ləğv;
  • Məcburi ləğv.

Bankın könüllü ləğvi prosesi necə baş verir?

Bank ona verilmiş bank lisenziyasının və ya  onun filial və nümayəndəliyinin açılmasına verilmiş icazənin ləğv edilməsi haqqında maliyyə bazarlarına nəzarət orqanına (Mərkəzi Bankın tabeliyində olan qurum) müraciət edir.

Bankın səhmdarlarının ümumi yığıncağının qərarına əsasən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən bank lisenziyası ləğv edildikdə bank səhmdarları bankın könüllü ləğvini həyata keçirməlidirlər. Yerli bankların, onların filial, şöbə və nümayəndəliklərinin, habelə xarici bankların yerli filial və nümayəndəliklərinin ləğvi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla Mülki Məcəllədə müəyyən edilmiş qaydada həyata keçirilir.

Hüquqi şəxsin ləğvi dedikdə nə başa düşülür?

Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.

Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir. Mülki Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır.

Bankın könüllü ləğvi zamanı  maliyyə bazarlarına nəzarət orqanına:

  • onun tələb etdiyi zəruri sənədlər və məlumatlar təqdim edilməlidir;
  • ortaya çıxan məsələləri araşdırmaq məqsədilə maliyyə bazarlarına nəzarət orqanının yazılı müraciəti əsasında onun səlahiyyətli əməkdaşlarının bankın binasına daxil olmasına və ləğvetmə ilə bağlı bankın istənilən mühasibat kitabları və yazıları ilə işləməsinə imkan yaradılmalıdır.

Maliyyə bazarlarına nəzarət orqanı bankın ləğvetmə komissiyasının qanunvericiliklə müəyyən edilmiş qaydada bankın ləğvini təmin etmədiyini və yuxarıda qeyd olunan tələblər bank tərəfindən yerinə yetirilmədikdə  bankın məcburi ləğvi üçün müvafiq tədbirlər görülür.

Bankın məcburi ləğvi prosesi necə baş verir?

Könüllü ləğv olunan və ya müflis elan olunmuş bank istisna olmaqla, lisenziyası ləğv edilmiş bankın məcburi ləğvi və ləğvedicinin (ləğvedicilərin) təyin edilməsi barədə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən ərizə ilə məhkəməyə müraciət edilir.

Qeyd: Banklar yalnız “Banklar haqqında” Qanunla  müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın məhkəmədənkənar müflis elan edilməsinin yol verilmir.

Məhkəmə bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında maliyyə bazarlarına nəzarət orqanının ərizəsinə onun məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxır və müvafiq qərar qəbul edir. Məhkəmədə bankın iştirak etməməsi ərizəyə baxılmasını dayandırmır.

  • Məhkəmə bankın məcburi ləğv olunmasına dair qərarı ilə Əmanətlərin Sığortalanması Fondunu ləğvedici təyin edir.
  • Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər.
  • Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir.
  • Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən edilir.
  • Məcburi ləğv edilən banka aidiyyəti olan şəxslər, səhmdarlar, habelə bankın kreditorları və borcluları bankın ləğvi prosesinə cəlb edilə bilməzlər.

Bankın məcburi ləğvi və ləğvedicinin təyin olunması haqqında qərardan şikayət verilməsi nəzərdə tutulurmu? 

  • Bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarından bankın səhmdarları və ya bankın Müşahidə Şurası İnzibati Prosessual Məcəlləyə müvafiq qaydada məhkəməyə şikayət verə bilərlər.

Həmin qərardan şikayət onun icrasını dayandırırmı?

  • Ləğv edilən bankın məcburi ləğvi və ləğvedicinin təyin olunması haqqında məhkəmə qərarı qəbul edildiyi gündən dərhal icraya yönəldilir və İnzibati Prosessual Məcəlləyə uyğun olaraq bu qərardan şikayət verilməsi onun icrasını dayandırmır.
  • Bankın ləğvi prosesinin başlanması və ləğvedicinin təyin olunması haqqında məlumatı ləğvedici dərhal mediada dərc etdirir, bankın Müşahidə Şurasına və İdarə Heyətinə müvafiq bildiriş göndərir. 

Bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında məhkəmə qərarının qəbul edildiyi andan:

  • bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri ləğvediciyə keçir;
  • bank inzibatçılarının və ya səhmdarlarının bank adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur;
  • bank aktivlərinin mühafizəsi və məhkəmə qərarlarının icrası məqsədilə aktivlərin üzərinə qoyulmuş bütün həbslər hüquqi qüvvəsini itirir;
  • bankın girov məbləği (ipoteka) həddində təmin etdiyi öhdəlikləri istisna olmaqla, qalan aktivlər həbsdən və ya icraatdan müdafiə edilir.

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxunub: 562