Ölkə əhalisi daha çox hansı xəstəliklərdən ölür?

Ümumdünya Səhiyyə Təşkilatı 2017-cu ildə regionlar, ölkələr, nəhayət, bütün dünya üzrə ölümün səbəblərinə dair araşdırmaların yekunlarını açıqlayıb. Analoji işlər əvvəlki illərdə də həyata keçirilib. Statistika göstərir ki, hər il dünyada 56,4-57 milyon insan xəstəliklər və bədbəxt hadisələr səbəbindən ölür.

Ekspertlər müəyyən ediblər ki, ölüm hallarının yarıdan çoxu – 54% tibbi səbəblərdən, yəni qeyri-infeksion xəstəliklərdən baş verir. Bu siyahıya ürəyin işemik xəstəliyi, insult, aşağı tənəffüs yollarının infeksiyası, xroniki obstruktiv ağciyər xəstəliyi, xərçəng, diabet, diareya xəstəlikləri, vərəm, yol qəzaları daxildir. Dünyadakı ölümlərin 70% -i qeyri-infeksion xəstəliklərin payına düşür.

Ölümlə bağlı dünyadakı vəziyyət Azərbaycandan nə dərəcədə fərqlənir? Bizim vətəndaşlar ən çox hansı xəstəlikdən ölür?

Kardiocərrah, tibb elmləri doktoru Rəşad Mahmudovun sözlərinə görə, ölkə əhalisi arasında ölümə ən çox səbəb olan ürək-damar xəstəlikləridir. 2017-ci ilin yekunlarına görə, ölümlə nəticələnən xəstəliklərin 57,8%-i ürək-damar xəstəliklərinin payına düşüb. Eyni zamanda Bakı Təcili Tibbi Yardım Mərkəzinə edilən müraciətlərin çoxu ürək və qan təzyiqi ilə bağlıdır.

Bu siyahıda ikinci yerdə xərçəng xəstəlikləri gəlir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə xərçənglə bağlı 11.118 yeni diaqnoz qoyulub. 2016-ci ildə 11 761 belə fakt qeydə alınıb, 217 halda 13 yaşına qədər uşaqlarda xərçəng aşkar edilib. Ümumilikdə, Azərbaycanda onkoloji xəstəliklərə məruz qalan 44,000-dən çox xəstə qeydə alınıb. Ən çox qadınlarda süd vəzisi, uşaqlıq boynu xərçəngi, kişilərdə traxeya, ağciyər və prostat vəzi xərçənginə rast gəlinir.

Ölümün digər səbəbləri tənəffüs yolu və mədə-bağırsaq traktı xəstəlikləridır.

Bu məlumatlar Səhiyyə Nazirliyinin ekspert qrupunun Ümumdünya Səhiyyə Təşkilatının Steps metodologiyası üzrə apardığı tədqiqatın nəticələri ilə üst-üstə düşür. Bu məsələ ilə bağlı ilk aralıq tədqiqat keçən il aparılıb, ikincisi isə 2020-ci ildə olacaq. Təhlillərə görə, Azərbaycanda bütün ölümlərin 87% -i qeyri-yoluxucu xəstəliklərin payına düşür. Ürək-damar xəstəlikləri ilə bağlı ölümlərin sayı 51%, xərçəng 11% təşkil edir. Təəssüf ki, avtomobil qəzaları nəticəsində də ölüm hallarının sayı artıb.

Azərbaycanın baş kardioloqu Faiq Quliyev bildirib ki, kardioloji, onkoloji xəstəliklərin artmasının səbəbi ümumdünya tendensiyaları ilə əlaqədardır. Buraya əsasən vətəndaşların çoxlu duz, zərərli qida qəbul etməsi, passiv, oturaq həyat tərzi keçirməsi aiddir. Müxtəlif problemlərdən baş verən stresslər, depressiya və psixoloji dəyişikliklər də mənfi rol oynayır.

Lakin yerli səhiyyə sahəsində vəziyyəti öyrənən müstəqil iqtisadçı Azər Mehdiyev xəstəliklərin profilaktikası, tibbi xidmətlərin keyfiyyəti kimi mühüm məsələlərə diqqəti çəkir.

“Ölkədəki profilaktiki iş daha yaxşı olmasını arzu edir. Ümumi dispanserizasiya ilə yanaşı onkoloji xəstəliklər və ürək-damar xəstəlikləri üzrə ayrıca skrininqlər keçirmək lazımdır ki, həmin xəstəlikləri erkən mərhələdə aşkar edib qarşısını almaq mümkün olsun. Bu praktika Qərbdə yayılıb. Bu, müalicəyə vaxtında başlamağa və bir insanı ölümdən qurtarmağa imkan verir.

Başqa bir vacib məsələ tibbi xidmətlərin əlçatan olmasıdır. Axı xəstəliyin diaqnozu ilə yanaşı, həm də müalicə kursu və ya cərrahiyyə əməliyyatından keçmək lazımdır. Bu xidmətlərin qiymətlərinin yüksək olması, maliyyə problemləri ilə əlaqədar xəstələrin çoxu mütəxəssislərə müraciət etmir, ya da xəstəlik son mərhələyə keçdikdə müraciət edirlər. Analizlər, ultrasəs müayinəsi, tomoqrafiya, dərmanlar – bütün bunlar çox pul tələb edir. Bəzən təkrar müayinədən keçmək lazım gəlir”, – ekspert qeyd edib.

A.Mehdiyevin fikrincə, xəstəliklərin profilaktikasında hərəkət taktikasının hazırlanması baxımından ÜST-nin hesabatlarının tədqiqi vacibdir. Məsələn, ölkədə xərçəng və şəkərli diabetdən ölüm halları artır, həmin xəstəliklərin profilaktikası üzrə xüsusi proqram tələb olunur. Eyni şəkildə, əgər ölkədə insultdan daha çox ölüm halları baş verirsə əsas qüvvələri onun profilaktikasına və müalicəsinə yönəltmək lazımdır. Eyni vəziyyət uşaq qeyri-infeksion xəstəliklərinə də aiddir.

Turan İnformasiya Agentliyi