Kürdəmirdə: Yeddi kəndi bir işıq xətti birləşdirir

Baha Mikayılov bildirir ki, peşmandı birinin “Azərişıq”a borcu yarana. Gəlib işığını kəsirlər. Ödəniş edəndən sonra işığı bağlamaq lazım gələndə isə yeddi kəndin hamısının işığı söndürülür:

“Kənd yeridir, insanların sosial durumu hamıya bəllidir. İndi düşünün, görün nə qədər adamın işığı pul ödəyə bilmədiyinə görə kəsilir. Adamlar gedib, toyuq-cücədən, meyvədən satıb borclarını ödəyirlər. Nəticədə, işıq xətti birləşdiriləndə biz qalırıq zülmətdə. Belə olmaz axı. Düşünün, gün ərzində nə qədər insanın işığı kəsilir, nə qədər insanın işığını birləşdirirlər. İndi 7 kəndin əhalisinin hamısı işıqsız qalmalıdır? Sovet dövründən qurulan sistemdir, məncə, buna artıq bir əncam çəkilməlidir. Az qala hər gün 5-6 saat işıqsız qalırıq”.

Kəndilərin öz pullarına aldıqları ayırıcıları aparıblar

Sakinlərdən Aqil Məmmədov isə deyir ki, bu, həm də sakinlərin cibinə ziyandır. İşıq hər dəqiqə sönüb-yanır. Nəticədə, elektrik avadanlıqları da sıradan çıxır:

“Kasıb adamıq, güclə, kreditlə televizor, soyuducu almışıq. Bütün günü qalmışıq ustalarda. Biabırçılıqdır, qarşısını da almırlar. Vaxtilə vətəndaşlar toplanıb ciblərinin pulu ilə ayırıcılar almışdılar. “Azərişıq” həmin ayırıcıları təmir adı ilə götürüb, qaytarmayıb. Həmin ayırıcılar kəndin girişindəki transformatorda idi. Hökumət buna bir çarə düşünməlidir. Heç olmasa, hər kəndin ayrıca xətti olsa, o zaman hansı kənddə problem varsa, həmin kəndin işığı kəsilər. Nəticədə yenə işıq kəsiləcək, amma bu, gündə yox, heç olmasa, həftədə bir dəfə olacaq. Biri var, yeddi, biri də var bir kənd”.

“Bilmirik, problemimizi kimə deyək, nə edək”

Sakinlər bildirirlər ki, kəndlərə gedən mavi yanacaqla bağlı durum da oxşardır. Bir xətdən paylanır, nəticədə, bir evdə olan problemə görə bir neçə kəndin qazı kəsilir:

“Yenə yayda yola vermək olur. Qarşıdan qış gəlir, biz nə edəcəyik? Hər xırda problemə görə bu qədər kəndin qazı, işığı kəsilir. Dəfələrlə “Azərişıq”a, “Azəriqaz”a müraciət etmişik. Deyirlər, yerli qurumların həmin ayırıcıları almağa, ayrıca xətt çəkməyə imkanı yoxdur. Onların imkanı olmayan şeyi kənd camaatı yığışıb edə bilməz. Hamımız kasıb adamlarıq. Bilmirik, problemimizi kimə deyək, nə edək”.

7 kənd üçün bir elektrik mühəndisi var

Aqil Məmmədov deyir ki, elektrik təchizatında olan problem rayonun Sovla, Köhünlü, Şüşün, Qaramahmudlu, Ərəbxana, Mollakənd, Cərtiyəz kəndlərinin əhalisinə hər gün əziyyət yaşadır:

“Hər kəndin işıq xəttində transformatorlarda ayırıcı olmalıdır ki, hadisə baş verən vaxt işıq verilməsi dayandırılsın. Kürdəmir rayonunun mərkəzində Çərtiyəz kəndinə 35 minlik xətt paylanır. Bu xətlə ətraf rayonlar daxil olmaqla, 30 kəndə elektrik enerjisi verilir. Hər kənd üçün Kürdəmir Elektrik Şəbəkəsi 3-4-5 (əhalinin sayına görə) transfarmator quraşdırıb. Lakin ayırıcı olmadığından qəza baş verən vaxt elektrik enerjisini mərkəzdən birdəfəlik kəsirlər. Bunun bərpa edilməsi 4-5 saat çəkir. Vaxtilə hər kənddə ayrıca elektrik mühəndisi olurdu. İndi isə “Azərişıq” 7 kənddə cəmi bir elektrik mühəndisi təyin edib. Nəticədə, vəziyyətimiz lap da ağırlaşıb. O adam gəlib çıxanadək, işıqsız qalırıq”.

Enerji problemi təsərrüfata da təsir edir

Kəndlilər deyirlər ki, vaxtilə öz vəsaitləri hesabına aldıqları ayırıcıları isə “Azərişıq” təmir adı ilə yığıb. İllərdir bərpa edib, yerinə qoşmur:

“Nəticədə, Kürdəmirin 7 Kürqırağı kəndi problem yaşayır. Təsərrüfatımızda da problem yaşanır. Mal-qaraya, əkin-biçinə suyu Kürdən çəkirik. Çay kəndlərdən çox aşağı axır. Kürün suyu isə əhaliyə elektriklə paylanır. 7 kəndin bütün əhalisi yaranmış problemdən əziyyət çəkir. Dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik, problemi həll etmək istəmirlər. Hətta şikayət edənlərə hədə-qorxu gəlirlər”.

Elektrik kəsintisi sakinlərin dediyi kimi hər gün baş vermir

Meydan TV məsələyə münasibət öyrənmək üçün “Azərişıq” ASC-nin Kürdəmir rayon Elektrik Şəbəkəsi ilə əlaqə saxlayıb. İdarənin enerji satışı mühəndisi Şərafət İsmayılov sakinlərin sözlərini təsdiqləyib:

“Bəli, doğrudur. Bir yerdə problem olanda 10 kilovatlıq xətlərin hamısı söndürülür. Ancaq mən bu sahənin mütəxəssisi deyiləm, məncə, baş mühəndislə əlaqə saxlayın”.

“Azərişıq” ASC-nin Kürdəmir rayon Elektrik Şəbəkəsinin baş mühəndisi İxtiyar İmanov isə Meydan TV-yə bildirib ki, sakinlərin dediyi kimi elektrik enerjisinin verilməsi hər gün dayandırılmır:

“Düzdür, qəza olanda ümumi xətt söndürülür. Ancaq bu, sakinlərin dediyi kimi hər gün baş vermir. Ayda bir dəfə ola, ya olmaya. Daha dəqiq desək, belə hal xətlərdə təmir zamanı, ayda bir-iki dəfə yaranır”.