Qubad İbadoğlu təhsil sistemində islahatlar təklif edir

İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri və Amerikanın Rutgers Universitetinin dəvətli professoru Qubad İbadoğlu təhsil sisteminin keyfiyyətinin artırılması, istedadların aşkar edilməsi və onlara dövlət dəstəyinin göstərilməsi məqsədilə təkliflərlə çıxış edib.

Üç təklifdən ibarət təşəbbüs Azərbaycan Təhsil Nazirliyinə və ictimaiyyətə ünvanlanıb:

1. Məktəblər arasında aparılan informatika yarışmasının qalibi olan 100 istedadlı və yaradıcı şagird üçün xüsusi qruplar təşkil olunsun. Hər bir şagird ilkin mərhələdə iPad, sonrakı mərhələdə 10.13.02 versiyasindan yuxari səviyyəli Apple kompüterləri ilə təmin edilsin. Bu qrupa daxil olan şagirdlər üçün dərs vəsaiti kimi Apple saytında, Youtube-da yerləşdirilmiş metodiki və təlim materiallarından istifadə edilsin, onlara kodlaşdırma (swift code), App yazmaq öyrədilsin. Tədris Apple, Microsoft, Google şirkətləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilsin. Eyni zamanda onlara intensiv ingilis dili tədris olunsun.

2. Bakıda və respublika tabeli şəhərlərdə orta məktəblər wi-fi ilə təmin olunsun. Həmin məktəblərin şagirdlərinə fərdi e-mail hesabları açılsın. Orta məktəblər üçün dərsliklərin, ev tapşırıqlarının və çalışmaların on-line bazası yaradılsın və məktəbdə həmin materiallara giriş təmin edilsin ki, uşaqlar kitablarını evdən məktəbə daşımasınlar, onlar İnternet üzərindən dərsliklərə və dərs vəsaitlərinə giriş əldə etsinlər.

3. İxtisaslar üzrə dünya reytinqində ilk 100-lükdə təhsil alan bakalavr, magistr, doktorluq proqramı tələbələrinin ödəniş haqları dövlət tərəfindən qarşılansın və onlara yaşadığı ölkənin yaşayış minimumu və dərs vəsaitləri ilə təminat xərci nəzərə alınmaqla fərdi təqaüdlər verilsin.

Sözügedən tədbirlərin reallaşması mexanizminə gəlincə, Q.İbadoğlu hesab edir ki, birinci təklif Təhsli Nazirliyinin özü tərəfindən həyata keçirilə bilər.

İkinci təklif mürəkkəbdir, çünki məktəb direktorlarının geniş əhatəsini və işin təşkilini nəzərdə tutur.

Üçüncü təklif fərdi xarakter daşıyır. Dünya ali məktəbləri yüzlüyünə daxil olan universitetə qəbul olmuş şəxs təsdiqlənmiş qiymətləndirmə əsasında tədrisin ödənilməsi üçün Təhsil Nazirliyinə müraciət də bilər.

Əsas problem maliyyə vəsaitinin ayrılmasıdır, çünki həmin təkliflərin reallaşması üçün birinci il 20-25 milyon dollar lazım gələcək və bu məbləğ illərlə artacaq. Lakin yetişməkdə olan nəslin təhsil keyfiyyətinin artırılması üçün buna dəyər, Q.İbadoğlu hesab edir.

Turan İnformasiya Agentliyi