Bir ailə yaşayan kənddən reportaj (Fotolar)

“Mən bura ər evinə köçəndə hardasa 40 ailədən xeyli hissəsi köçlərini tutub başqa yerə getmişdi. Qalan hissəsi də gözümün önündə köç elədi”

“İyul ayı idi, Eldar bostan üstünə tikan yığmağa gedir, kanalı keçəndə Qaraboz suya düşür. Oğlum da dalıyca özünü suya atır, iti xilas eləyir, özü boğulur. Bizim də xəbərimiz yox… Bir də baxdıq ki, Qaraboz gəlib, zingildəyir, hürür, bizi kanala tərəf çəkir. Düşdük dalıyca, getdik ki…”

İlan kimi sürünən yol bizi Canqayıba aparır. Maşın yağışdan sonra suyu canına çəkən palçıqda üzüyuxarı – dağın ətəklərinə tərəf yorğun-yorğun irəlilədikcə, uzaqdan nöqtə kimi ağaran ev də böyüməyə başlayır. Bir neçə dəqiqədən sonra köhnə, illərin yorğunluğundan “beli bükülmüş” ikimərtəbəli evin qarşısındayam. Ətrafda gözə dəyən bir ev quşlarıdır, bir də kənarda yağışdan sonra günəşin şüaları altında mürgüləyən alabaş…

Daşlarının köhnəliyini əhəngin altında gizlətməyə çalışan, pəncərələrinin çərçivələri çoxdan çürümüş evdənsə səs-səmir gəlmir. Binanın başına dolanıb, “ev yiyəsi” deyə səslənirəm. Günortanın səssizliyində o başdan eşidilən qadın səsinə boylanıram. Qoltuğundakı yuyulmuş paltarla dolu ləyənlə bulaqdan evə tərəf gələn orta yaşlı qadın hardan, nə səbəbə gəlməyimi soruşmur. Ləyəni torpağın üstünə qoyur, “Xoş gəlmisiz” deyib, mənə sarılır.

Şabranın mərkəzindən 10-ca kilometr aralıda – dağın ətəyindəki Canqayıb kəndində vur-tut bir ailə yaşayır. Bura sakinləri tərəfindən tərk edilmiş yeganə kənd deyil. Dövlət Statistika Komitəsinin son hesabatına görə, Azərbaycanda sakinlərinin sayı 10-dan aşağı olan 9 kənd var. 20-dən çox kənd isə tamamən boş qalıb.

Ləyəni əlindən yerə qoyub, uşaq çevikliyi ilə qarşıma qaçan 59 yaşlı Zabitə Kiçikbəyova 31 ildir ki, Canqayıba yaxınlıqdakı Gəndob kəndidən gəlin köçüb.

Söhbətə ilk körpünü özü atır. “Mən bura ər evinə köçəndə hardasa 40 ailədən xeyli hissəsi köçlərini tutub başqa yerə getmişdi. Qalan hissəsi də gözümün önündə köç elədi”.

– İnsanlar evlərini niyə tərk ediblər?

“İşsizlik, şəraitsizlik… Məktəb yox, uşaq bağçası yox, tibb məntəqəsi yox, qaz yox… Gördülər, odun da tükənir, qırmağa ağac qalmayıb, soyuqdan donmamaq üçün köçüb getdilər. Hələ o vaxt adamlar köçməyə başlayanda hökumət adamları gəlib deyirdi, getməyin, qaz çəkiləcək. 30 ildən çox keçib, ancaq hələ də qaz xətti çəkilməyib. Bəlkə də, o vaxt çəksəydilər, adamlar qayıdardı. Köçüb gedənlər aradabir gəlib-gedirdilər, suyla, qazla, işıqla maraqlanırdılar, gördülər, yaxşıya doğru ümid yoxdur, ayaqlarını həmişəlik buralardan çəkdilər. Bakıya gedəni oldu, Rusiyaya gedəni oldu, Şabranın özünə köçəni oldu… Odureey, kişi də gəlir”, – günəş şüalarından qorumaq üçün əllərini gözlərinin üstünə tutub, bulaq tərəfdən gələn yola baxır.

Çır-çırpı dolu arabasını itələyə-itələyə bizə tərəf addımlayan Zabitənin həyat yoldaşı 59 yaşlı Elxan Kiçikbəyovdur. Zabitə başında papaq, əynində nimdaş geyim, ayağında uzunboğaz çəkmələri, üz-gözündən yorğunluq yağan əri haqqında danışır.

“O vaxt hamı getdi, Elxan qaldı. Dedi, bura mənim ata-baba evimdir, mənə yadigardır, atıb gedərəm, dağılar, yox olar. Elə evin dam örtüyünü düzəldəndə də şikəst oldu. Damdan başıüstə yıxıldı, beyni silkələndi, o vaxtdan ruhi xəstəliyi var, ikinci qrup əlildir”, deyir və gözləri dolur.

Canqayıbın son sakinləri son beş ildə üst-üstə xeyli zərbə alıb. Beş il əvvəl 25 yaşlı ortancıl oğul Eldar ailəsinə baş çəkməyə gəlib, kanala düşmüş itini xilas edərkən isə özü boğulub.

“İyul ayı idi, Eldar bostan üstünə tikan yığmağa gedir, kanalı keçəndə Qaraboz suya düşür. Oğlum da dalıyca özünü suya atır, iti xilas eləyir, özü boğulur. Bizim də xəbərimiz yox… Bir də baxdıq ki, Qaraboz gəlib, zingildəyir, hürür, bizi kanala tərəf çəkir. Düşdük dalıyca, getdik ki…”

Gerisini danışmasın deyə, söhbəti dəyişib onu yenə kənddən köçüb gedənlərə dartmaq istəyirəm.

Zabitə Kiçikbəyova isə elə bil məni eşitmir. “Elə burda dəfn elədik, kəndin yanında. Şəklini başdaşına vurdurmağa qoymadım. Tez-tez konfet aparıram. Bir yaşında qızı vardı, gəlinim ikinciyə hamilə idi, ikinci qızı da ölümündən bir neçə ay sonra doğuldu”.

Bu hadisədən sonra Qaraboz da həyətdə duruş gətirməyib. Kiçikbəyova deyir, ailənin ən sadiq dostunu sonuncu dəfə oğlunun ölümündən 3 gün sonra bulağın başında görüb.

“Oturmuşdum bulağın başında, ağlayırdım, Qaraboz da gəldi oturdu yanımda, dedim, ay Qaraboz, balamı əlimdən aldın, səbəbkar sən oldun. Döndüm, gördüm, gözlərində yaş var, durdu sakitcə başını aşağı salıb getdi, o gün, bu gün, bir də Qarabozu buralarda görmədik. Beş il keçib”.

Eldarın həyat yoldaşı indi iki uşağı ailə Bakıda valideynlərinin yanında yaşayır. Eldardan başqa ailədə daha iki oğul var. Biri evli, digəri subaydır. Bir də ortalıqda qaçan, nənəsinə, babasına əl yetirən balaca Sevgi var.

Yaşı məktəbə hazırlığa düşsə də, ən yaxın məktəb 3,5 kilometr aralıdakı qonşu kənddədir. Üstəlik, ailənin maddi imkanı yetərli deyil ki, Sevginin məktəb üçün əsas ehtiyaclarını qarşılasın, çanta, dəftər-qələm, geyim alsın.

Ümumiyyətlə, ailə olduqca ehtiyaclıdır. Şabran mərkəzinə fəhləliyə gedib-gələn oğullardan birinin aylıq maaşı 140 manatdır, o da atasının müalicəsi üçün bankdan götürdükləri kreditə gedir. Elxan Kiçikbəyovun əlilliyə görə aldığı 127 manatla həyat yoldaşı Zabitənin aldığı 57 manat təqaüd isə ailənin dolanışığı üçün yetərli deyil.

İçərisi nimdaş evdə nə soyuducu, nə paltaryuyan, nə televizor, nə də başqa elektrik avadanlığı gözə dəyir. Ev odun sobası ilə qızdırılır.

İçəri daxil olanda xəbər tuturam ki, burda hələ südəmər körpə də varmış – Sevginin yaş yarımlıq qardaşı Elxan. Uşaqların atası onlara kənarda ev tikmək istəyir, ancaq imkansızlıqdan alınmır.

Zabitə Kiçikbəyova deyir, neçənci dəfədir ki, oğlu palçıqdan kərpic kəsir, qurudur, divar hörür, ancaq yağış kərpici yuyub aparır. Qaldıqları qəzalı ikimərtəbəli evdən azca kənarda dağılmış divarın hissələri və tikmək arzusunda olduğu evin bünövrəsi qalıb.

Zabitə başını qaldırıb ətrafa boylanır, barmağını çox da uzaq olmayan təpələrə uzadır və Sovet vaxtı orda fəaliyyət göstərən məscidi xatırlayır. Deyir ki, çox vaxt hökumət adamları namaza gələnləri məsciddən dağıdardılar.

“Ehhh, hara getdi bu camaat… Hamı çıxdı getdi. Bircə biz qaldıq… Kişi getmədi ki, getmədi”, deyə gözləri ilə samovara növbəti odunu atan ərinə işarə edir.

– Darıxmırsız burda?

– Baharda gələsən bura, bəh-bəh, buralar bir yaşıllıq olur ki… Təzə çıxan otların ətri torpağın ətrinə qarışır. Qışda donuruq, yazda elə bil buzumuz açılır.

Bir müddət əvvəl ailənin qonşu Ləcət kəndində əkin sahəsi olub. Vaxtilə arpa, taxıl əkilən sahəni 3 il əvvəl ehtiyaca görə dəyər-dəyməzinə satmaq məcuriyyətində qalıblar.

Ancaq bununla da bitməyib, Zabitə deyir ki, nəvəsinə dərman almaq üçün həyətdəki hinduşkaları və ev quşlarının xeyli hissəsini də Şabran bazarında satmalı olub.

İndi evin qarşısısında kiçik bir bostan qalıb, hansı ki, Sevgi hər gün nənəsi və babasıyla həmin bostana gedir, bibər, xiyar, pomidor, göyərti toplayır.

Ailənin tərəvəz tələbatlarını əsasən bu bostan ödəyir. Əlavə olaraq, Elxan Kiçikbəyov tez-tez meşələrdən mövsümi meyvələr toplayır, həyat yoldaşı isə mürəbbə, kompot hazırlayır.

Samovar çayını böyürtkən mürəbbəsi ilə içdikdən sonra bu isti mühiti qoyub paytaxta qayıtmağa həvəs qalmamışdı…

Dağların ətəyində, Qələgahın, Ləcətin, Bilicinin əhatələdiyi ərazidə yerləşən Canqayıbın üzərində günəş yavaş-yavaş yerini qara buludlara verirdi. Buradan tez çıxmaq lazım idi ki, bir azdan yağışın sürüşkən palçığa çevirəcəyi yoldakı qəza təhlükəsiylə üz-üzə qalmayım.

Maşın yorğun-yorğun irəliləyir, ilan kimi üzüaşağı sürünən yollar Canqayıbı ən sadiq sakinləriylə geridə qoyur. (chai-khana.org)