Mediasiya vətəndaşlara necə kömək ola bilər?

Azərbaycanda təxminən 6 aydan sonra iqtisadi və ailədaxili mübahisələri məhkəmələrdən əvvəl mediatorlar həll edəcək.

Bu Mediasiya haqqında qanunun qəbul edilməsi nəticəsində mümkün olur.

İndiyə kimi Azərbaycanda mediasiya təcrübəsi tətbiq olunmayıb və bu, Azərbaycanın məhkəmə-hüquq sistemində yenilikdir. BBC News Azərbaycancanın mediasiya haqqında suallarını hüquqşünas, mediasiya sahəsində mütəxəssis Aytən Əlizamanlı cavablandırıb.

1. Mediasiya haqqında Azərbaycanda qanun nə zamandan tətbiq ediləcək?

Azərbaycanda 2019-cu il martın 29-da Mediasiya haqqında qanun qəbul edildi, məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2020-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.

Mediasiyanın tətbiqi belədir: qanun qəbul olunandan sonra ailə və məişət məsələlərində məhkəməyə müraciət etdikdə onlardan mediator qəbulunda olub-olmamaları soruşulacaq. Cavab “xeyr” olduqda məhkəmə o işə baxmayacaq və tərəflərə mediasiya institutuna müraciət etmək təklif ediləcək.
Yalnız mediasiya prosesini keçmiş konfliktlər və ya mediasiya prosesində həllinə nail olunmamış problemlərə məhkəmə baxacaq.

İki tərəf mediatorun köməyindən sonra razılığa gəlib sənəd imzalasalar, bu hüquq sənəd sayılacaq və məhkəməyə ehtiyac qalmayacaq.

2. Mediasiya nədir və vəkillə mediatorun fərqi nədirʔ

Mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həll yollarından biridir. Tərəflər mediasiya sessiyaları vasitəsilə məhkəmələrə nisbətdə daha az xərc çəkərək mübahisələrini arzu etdikləri zaman və formada həll edə bilərlər.

Vəkil ilə mediatorun arasında ən böyük fərq, mediatorun müstəqilliyi və neytrallığıdır. Mediator heç bir tərəfi təmsil etmir. Buna görə də mediasiya sessiyalarında tərəflərdən əlavə olaraq, tərəflərin maraqlarının müdafiəsi və təmini baxımından hər tərəfin vəkilləri və ya onları təmsil edən digər maraqlı şəxslər də iştirak edə bilər.

Mediasiya sessiyalarında haqlı və ya haqsız tərəflər yoxdur və nəticədə də heç kim uduzmur. Çünki əldə edilən barışıq sazişinin özü prosesin hər tərəfin məmnunluğu ilə nəticələndiyinin göstəricisidir.

Mediasiya haqqında qanuna görə bu xidmət pulludur, ancaq mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər.

Mediasiya xidməti qarşılığında ödəniş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə məyyən olunur və hələki bu məbləğ müəyyənləşməyib.

3. Məhkəmənin hökm vermək və qəti qərar qəbul edib bunu icra etdirmək hüququ var. Bəs mediator ona gələn şikayət tərəflərini hansı üsullarla razılığa gətirəcək və yekun qərarda onun rolu necə olacaqʔ

Mediatorlar heç bir halda məcburedici qüvvəyə və ya yekun qərarı verəcək səlahiyyətə malik deyillər. Bütün səlahiyyətlər tərəflərin üzərindədir. Onlar istədikləri zaman mübahisələr həll edilə və ya nəticəsiz qala bilər.

Mediatorlar tərəflərə mübahisəli məsələyə fərqli bucaqdan yanaşmağa kömək edir, tərəflər arasında ortaq maraqların yaranmasına vasitəçilik edir və sessiyalarda əldə edilən məlumatlar əsasında problemdən mümkün çıxış yolları təklif edir.

Mediasiya sessiyaları vasitəsilə tərəflər öz mübahisələrini sülh yolu ilə həll edərək, öz peşəkar və ya şəxsi münasibətlərini qoruya bilərlər. Bu isə ailə və ya biznes münasibətlərində yarana biləcək gərginliyin aradan qalxmasında böyük rol oynayacaq.

Mediasiya sahəsi üzrə əsas istiqamət hər tərəfin prosesin nəticəsindən məmnun olmasıdır. Bu zaman işdə udan və uduzan tərəf yoxdur. Hər iki tərəf qalib hesab olunur və öz maraqlarına uyğun olaraq, sazişin müddəalarını müəyyən edib razılaşmaya gəlirlər.

4. Kimlər mediator ola bilərʔ

Texniki tələblər baxımından, yeni qəbul edilən qanuna əsasən ali təhsilli, yaşı 25-dən aşağı olmayan, ən azı 3 illik iş stajı olan və mediatorluq sertifikatı əldə etmiş şəxslər mediator qismində fəaliyyət göstərə bilərlər.

Lakin peşəkar tələblər baxımından, yuxarıda qeyd edilən texniki tələblərlə bərabər mediatorların bəzi şəxsi keyfiyyətlərinin də olması vacibdir. Hansı ki, yalnız öz fəaliyyətində müstəqil, dürüst, qərəzsiz, hadisələrə tərəfsiz yanaşa bilən şəxslər mediator qismində uğur qazana bilərlər. Bu sahədə insanların güvənini qazanmaq ən önəmli istiqamətlərdən biridir.

5. Başqa ölkələrin təcrübəsində mediasiya necə tətbiq olunurʔ Hansı ölkələrin təcrübəsi Azərbaycan üçün faydalı ola bilərʔ

Hazırda dünyada bütün məsələlər üzrə mediasiya prosesi tətbiq olunsa da Azərbaycanda qanun bu məsələlərə məhdudiyyət tətbiq edir.

Qanuna görə, mülki işlər, iqtisadi mübahisələr, ailə münasibətləri, əmək və inzibati hüquq üzrə mübahisələrdə mediasiya tətbiq olunacaq.

Hazırkı qanunun tərtibi zamanı Avropa ölkələrinin təcrübəsi nəzərə alındığı müşahidə edilsə də, qanunun özündə bir sıra araşdırılmalı məqamlar, dəyişdirilməsi və ya təkmilləşdirilməsinə ehtiyac olan müddəalar mövcuddur. Məsələn, yeni qəbul edilən qanunda barışıq sazişinin məcburi qüvvəyə malik olması təcrübəsi tətbiq edilib.

Qanuna əsasən barışıq sazişinə könüllü şəkildə icra edilmədikdə digər tərəf Mülki Məcəlləyə əsasən məhkəməyə və ya notariusa müraciət edərək məcburi şəkildə icra üçün təsdiq etdirə bilər. Lakin sazişdən məmnun olmayan tərəfin hüquqlarının təmini ilə bağlı heç bir müddəa yoxdur.

Amma xarici ölkələrin təcrübəsinin birbaşa tətbiq edilməsi mediasiya sahəsinin inkişaf etmədiyi, bu istiqamətdə heç bir hüquq münasibətlərinin formalaşmadığı, müstəqil hakimlərin olmadığı bir ölkə üçün faydalı olacağını sual altına alır, hüquqşünas Aytən Əlizamanlı BBC News Azərbaycancaya bildirib.
“Daha detallı desək, bütün hüquq münasibətlərində olduğu kimi, bu sahədə də müxtəlif səbəblərdən mediasiya sessiyalarının mütləq şəkildə qüsursuz keçməmək ehtimalı var.

Məsələn, sessiyalarda yanlış məlumatların təqdimi, bir tərəfin başqa tərəfi aldatması, hansısa önəmli məlumatların gizlədilməsi və ya hadisə və şəraitin dəyişməsi kimi hallar saziş bağlandıqdan sonra sazişin qüvvəsinin itirilməsinə səbəb olub-olmamasını qanunvericilik tənzimləmir.

Bu tipli məsələlərdə isə heç də bütün şəraitlərdə sadəcə Sazişin mətninə güvənmək və ya Mülki Məcəllə ilə tənzimlənən “əqdlərin etibarsızlığı”na və ya “barışıq razılaşmasına” dair normalar tətbiq edilə bilməz. Müxtəlif məzmunlu işlərdə aidiyyəti prosessual normaların tətbiqi də məhkəmələrin mübahisənin mahiyyətindən kənar ədalətsiz qərar qəbul etmələrinə səbəb ola bilər”.

Aytən Əlizamanlı deyir ki, qeyd etdiyi məsələ problemli məqamlardan sadəcə biridir.
Hüquqşünasın sözlərinə görə, belə məsələlər hüquqi problemə çevrilməmişdən qabaq, qanuna əlavə və dəyişikliklərin edilməsi zəruridir. (BBC News Azərbaycanca)