“Elina Hacıyeva işi:” məktəb direktorunun həbsi istənildi

Elina Hacıyeva

Bakının 162 saylı orta məktəbinin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü haqqında iş üzrə proses şahid ifadələri ilə davam edir.

2019-cu il aprelin 4-də 162 nömrəli məktəbin şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. Faktla bağlı Bakı şəhər Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Sonradan məktəbin direktoru Abbasova iş üzrə məsuliyyətə cəlb edilib. Ona qarşı CM-in 143 və 314.2-ci maddələri ilə ittiham irəli sürülüb. Amma 125-ci maddə ilə heç kim məsuliyyətə cəlb edilməyib.

Sentyabrın 25-də Səbail rayon məhkəməsində keçirilən iclasın əvvəlində zərərçəkmiş tərəfin vəkilləri vəsatətlər verib. Onlar təqsirləndirilən şəxs, məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində qətimkan tədbirinin dəyişdirilməsini və onun ev dustaqlığından həbsə keçirilməsini xahiş ediblər. Vəkillər bunu təqsirləndirilən şəxsin məhkəmə iclaslarından əvvəl və sonra KİV-ə müsahibə verərək, təqsirsiz olduğunu bildirməsi ilə əsaslandırıblar.

Bundan başqa, müdafiə tərəfin əlində Abbasovanın məhkəmə iclaslarından əvvəl məktəbin şagirdləri və müəllimləri ilə əlaqə saxlayaraq, onlara öz xeyrinə təsir göstərməsi barədə faktlar var. Məhkəmə vəsatəti təmin etməyib.

Zərərçəkmiş tərəfin vəkilləri şahidlərin – Hacıyevanın öldüyü xəstəxananın həkimlərinin ifadələrinin audio və videoçəkilişinin aparılması barədə də vəsatət qaldırıblar. Onlar bunu həkimlərin sonradan təhrif edilə biləcək tibbi terminlərdən istifadə edə biləcəkləri ilə əsaslandırıblar.

Daha sonra prosesdə Hacıyevanın sinif yoldaşları, dostları ifadə veriblər. Onlar bildiriblər ki, qız məktəbdə basqı və təzyiqlərə məruz qalıb. Hacıyevanın əvvəl oxuduğu məktəbdən sinif yoldaşı Elinanın yeni məktəbdə qəbul edilməməsindən şikayət etdiyini deyib.

Hacıyevanın anasının rəfiqəsi Leyla Şirinova bildirib ki, sinif rəhbəri Elinanı saçlarını boyadığına görə sinif yoldaşları qarşısında alçaldıb. Şirinovanın sözlərinə görə, sinif rəhbəri Elina və onun ailəsi haqqında pis danışır, uşaqları Elina ilə ünsiyyət qurmamağa təşviq edirdi.

Məktəb direktorunun katibəsi Nigar Məmmədova bildirib ki, qız aprelin 4-də səhər saat 10.00 radələrində özünü atıb, “təcili yardım” isə 12.00 radələrində çağırılıb. Onun sözlərinə görə, qız bu hərəkətinin səbəbini izah edə bilməyib və dərman içdiyini bildirib.

1 saylı şəhər Kliniki Mərkəzinin cərrahı Əkrəm Çovdarov bildirib ki, xəstə daxil olduqda ondan təhlil üçün qan nümunəsi götürülüb, rentgen çəkilib və müayinə cərrahi əməliyyata ehtiyac olmadığını göstərib. Ona sistem qoşulub.

Çovdarovun sözlərinə görə, Hacıyeva reanimasiyaya yerləşdirilib. Onda qanaxma olmayıb, ağ ciyərində maye toplantısı müşahidə edilməyib. Həkim təsdiq edib ki, Səbail rayon icra hakiminin müavini Xalidə Bayramova reanimasiyaya buraxılıb, qızın anası isə buraxılmayıb.

Həkimin sözlərinə görə, Hacıyevanın ölüm səbəbi kimi kəskin tənəffüs çatışmazlığı, kəllə-beyin travması, ağ ciyərlərin zədələnməsi və s. göstərilib. Əsas səbəb kimi isə kəllə-beyin travması göstərilib.

Zərərçəkmiş tərəfin vəkilləri ilkin diaqnoz və məhkəmə-tibbi ekspertizanın rəyi arasındakı fərqin səbəbini soruşublar. Həkim bu suala cavab verə bilməyib.  (Turan İnformasiya Agentliyi)