Yaşa görə müavinət hansı hallarda və kimlərə verilir?

Yaşa görə müavinət sosial müavinətlərin bir növü olan aylıq müavinətlərə aiddir.

Bu müavinət hansı hallarda və kimlərə təyin olunur?

Yaşa görə müavinət əmək pensiyası hüququ olmadıqda və işləmədikdə bu şəxslərə ömürlük təyin edilir:

• 62 yaşına çatmış qadınlara;

• 67 yaşına çatmış kişilərə;

• 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara;

• ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilərə.

Müavinət üçün yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına müvafiq sənədlərlə yaxınlaşaraq müraciət edilməlidir:

• Uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

• Şəxsiyyət vəsiqəsi (şəxsin yaşını, yaşayış yerini və ailə vəziyyətini təsdiq edən sənədin surəti;

• Ailə tərkibi haqqında yaşayış yerindən arayış;

• Şəxsin əmək pensiyasına hüququnun olmaması barədə yaşayış yeri üzrə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbəsinin məlumatı.

Yaşa görə müavinətin məbləği 2019-cu il aprelin 1-indən etibarən 130 manat təşkil edir. (Benefisiar.org)