MTK-lardan mənzil alarkən nələrə diqqət edilməlidir?

Mənzil-Tikinti Kooperativləri nədir?

Mənzil-Tikinti Kooperativləri (bundan sonra – Kooperativ) fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyidir.

Mənzil-Tikinti Kooperativləri istehlak kooperativləri olmaqla, üzvləri əmlak pay haqları hesabına çoxmənzilli binanın tikilməsində, yenidən qurulmasında və müəyyən dövr ərzində binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsində iştirak edirlər.

Mənzil-Tikinti Kooperativlərindən mənzil alarkən alıcı nələrə diqqət etməlidir?

Alıcı ilə kooperativ arasında müqavilə imzalanarkən:

1. Alıcı, kooperativin ortaq (assosiativ) üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış tələb etməli;

2. Kooperativin müqaviləsini imzalayacaq vəzifəli şəxsin koopertivə məxsus əmlakı satmaq səlahiyyətinə malik olub-olmamasını aydınlaşdırmalı;

3. Alıcı almaq istədiyi mənzilin məhz müqavilədə göstərilən ünvanda, mərtəbədə, dəyərini ödədikləri ölçülərə uyğun gələn və qeyd edilən kooperativə məxsus binada mənzil olduğuna tam əmin olmalı;

4. Müqavilədə mənzilin nə zaman və necə vəziyyətdə tikilib təhvil veriləcəyi göstərilməli;

5. Alıcı, mənzilin ödənişinin ve borcunun olub-olmaması haqqında maliyyə arayışı tələb etməli;

6. Müqavilə üzrə ödənməli vəsaitlər kooperativin bank hesabına ödənməli, faktiki ödədikləri məbləğin müqavilədə və mühasibat sənədlərində tam əks etdirilməsini tələb etməli;

7. Mənzilin yerləşdiyi binanın tikinti obyektlərini dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunub – olunmadığı araşdırılmalıdır. Çünki binanın istismara təhvil verilməməsi həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsini qeyri-mümkün edir.

Nəticədə alıcı unutmamalıdır ki, kooperativin səlahiyyətli və tam hüquqlu üzvü (payçısı) olaraq tikinti bitdikdən sonra kooperativdən razılaşdırılmış mənzili almaq və ya tələb etmək hüququ var. (Benefisiar.org)