Evlərini sığortalamayanlar necə cərimələnəcəklər?

Ekspertlər cərimə mexanizminin olmadığını deyilər 

2019-cu ilin sonlarından mənzillərin icbari sığortalanması ilə bağlı evlərə bildiriş paylanır, telefonlara ismarıclar göndərilir. Həmin ismarıclarda “əgər evinizi sığortalatmasanız, cərimələnəcəksiniz”, – deyilir.

Hüquqşünas Əkrəm Həsənov deyir ki, bu, sığorta şirkətlərinin bir oyunudur. Yerli icra hakimiyyəti orqanlarının, eləcə də sığorta şirkətlərinin kimisə cərimələmək səlahiyyəti yoxdur. Suyu bulandıran vətəndaşlara bildirişlər göndərərək onları hədələyən sığorta şirkətləridir:

“Bu hədə nəticəsində xeyli vətəndaş sığorta şirkətləri ilə müqavilə bağlayıb evlərini sığortalayıb. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən, hədə təsiri altında bağlanan əqd etibarsızdır. Odur ki, həmin vətəndaşlar bağlanılan müqavilələrin etibarsız hesab edilməsini, ödənilən pulun (50 manat) qaytarılmasını və hətta vurulan mənəvi zərərə görə kompensasiyanın ödənilməsini tələb edə bilərlər”.

İqtisadçı Samir Əliyev də daha öncə bu barədə açıqlamasında bildirmişdi ki, cərimə ilə hədə əsassızdır. Çünki cərimənin əhalidən alınması üçün təsir rıçaqları yoxdur:

“Kommunal xidmətlər ödənilməyəndə onların verilməsi dayandırılır. Dövlət vergisi verilməyəndə sahibkarın bank hesabı bloklanır. Avtomobillər icbari sığortalanmayanda sürücü avtomobili itirmək riski ilə üzləşir. Bəs ev məsələsində necə olacaq? Ev mülkiyyətçinin əlindən alınacaq? Bu, daha çox sosial məsələ olduğu üçün inanmıram cərimə məsələsində çox dərinə getsinlər. Ona görə də hökumət yaşayış evlərinin icbari sığortası qərarını ləğv etməlidir. Könüllü sığortalanma mexanizminə keçməlidir”.

Samir Əliyevin fikrincə, sığorta siyasəti maarifləndirmə üzərində qurulmalıdır. Əks halda, sığorta məhsullarının icbari xarakter daşıması əhali üçün ən yaxşı halda işləməyəcək, ən pis halda isə sosial gərginlik yaradacaq.

Yanvarın 13-də Prezident İlham Əliyev də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə daşınmaz əmlakın sığortasından danışıb. Bununla bağlı hökumətə tapşırıqlar verib, eyni zamanda bu sahədə əhalinin maarifləndirilməsinin vacibliyini vurğulayıb:

“Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin”.

Əkrəm Həsənov deyir ki, daşınmaz əmlakın sığortasının icbari qalacağı və ya könüllü olacağı hələlik, müzakirə mövzusudur. Ən düzgün yol könüllü olması və maarifləndirmə nəticəsində əhalinin bu sığortadan istifadə etməsidir.

Evlərə paylanan bildirişlərdə İcbari Sığortalar Haqqında Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verilir. Bildirilir ki, daşınmaz əmlakın icbari sığortası yanğın və digər hadisələr zamanı dəyən zərərin ödənilməsi üçün tətbiq edilir. Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

Bildirişdə Azərbaycanın paytaxtı və bölgələrdə sığortanın qiymətləri ilə bağlı da məlumat var. Bakıda bir illik sığortanın qiyməti 50 manatdır. Əmlak yanğın, partlayış, zəlzələ, subasma, təbii fəlakətlər, yer sürüşməsi və s. risklərdən 25 min manat məbləğində sığortalanır.

Sumqayıt, Gəncə, Naxçıvanda bir illik sığorta qiyməti 40 manatdır. Əmlak 20 min manat dəyərində sığortalanır. Qalan bölgələrin hamısında illik sığorta haqqı 30 manatdır və əmlak 15 min manat məbləğundə sığorta edilir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2 və 469.3-cü maddələrinə əsasən, əmlakını sığortalatmayan fiziki şəxs 30, vəzifəli şəxs isə 80, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir.

Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır.

Bəzi mobil operatorlardan “Atəşgah sığorta”, “Odlar yurdu” sığorta şirkətləri tərəfindən vətəndaşlara göndərilən mesajlarda isə deyilir ki, AR İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinə uyğun olaraq, 2020-ci ildən evləri məcburi qaydada sığorta etdirməlisiniz:

“Gecikənlərə 30 AZN cərimə hesablanacaq. Zəng edin: 1544”.

Hüquqşünaslar əhaliyə belə mesajlar və bildirişlər alanda ehtiyatlı olmağı tövsiyə edir. “Evini sığortalamadığına görə cərimə edilə bilməzsiniz”, – deyirlər. (Meydan TV)

Əvvəlki məqaləDİM-dən magistraturaya qəbul qaydasının dəyişdirilməsi ilə bağlı açıqlama
Növbəti məqaləNazirlər Kabineti hərbiçilərlə bağlı Konstitusiya Məhkəməsinə sorğu verib