Nəyi ölkəyə icazə ilə gətirə və apara bilərik?

Qanuna uyğun olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış mallar icazə əsasında aparıla və ya gətirilə bilər. Mülki dövriyyəsi məhdudlaşdırılmış malların siyahısı aşağıdakı kimidir:

-Mədəni sərvətlər.

-Xidməti və mülki silah.

-Partlayıcı maddələr.

-Gizli informasiyaların alınması üçün texniki vasitələr.

-Radioqəbuledici qurğular.

-Pilotsuz uçan aparatlar.

-Dini təyinatlı ədəbiyyat və materiallar.

-Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları.

-Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsulları.

-Azərbaycan Respublikasının qızıl ehtiyatı və əyar damğası.

-Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıq.

-Dövlət kəmiyyət vahidləri etalonları.

Mədəni sərvət hesab edilə bilən əşyalar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilə və beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilə bilər.

Mülki silahın ölkəyə gətirilməsinə Daxili İşlər Nazirliyindən icazə alınmaq yol verilir.

Partlayıcı maddələr və qurğular, tez alışan maddələr və pirotexniki məmulatlar Fövqəladə Hallar Nazirliyinin icazəsi ilə gətirilə bilər.

Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr Dövlət Təhlükəsizlik Xidmətnın (DTX), rabitə şəbəkələrindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələr isə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) razlığı ilə gətirilə bilər. Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin icazəsi ilə DTX-nın rəyi nəzərə alınmaqla gətirilə bilər. Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin icazəsi ilə gətirilə bilər.

Məsafədən idarə edilən pilotsuz uçan aparatlar Dövlət Mülki Aviasiya Administrasiyasının icazəsi ilə Müdafiə Nazirliyinin, DTX, Dövlət Sərhəd Xidməti və XDMX-nin rəyləri nəzərə alınmaqla gətirilə bilər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alına və göndərilə bilər.

Mülki dövriyyəsi qadağan edilmiş malların Azərbaycan Respublikasına gətirilməsi və aparılması cinayət və ya inzibati məsuliyyət yaradır. Mülki dövriyyəsi qadağan edilmiş malların siyahısı aşağıdakı kimidir:

-Döyüş təyinatlı hərbi texnika və silah-sursat.

-İnsan orqanları və ya toxumaları.

-Konfidensial sənədlər.

-Rəsmi sənədlər, Azərbaycan Respublikasının dövlət təltifləri, dövlət arxiv fondunun sənədləri.

-Narkotik vasitələr və psixotrop maddələr.

-Tətbiqi müəyyən edilmiş qaydada qadağan edilmiş dərman vasitələri.

-Hazırlanmasının və ya uyğunlaşdırılmasının əsas məqsədi kibercinayətlər törətmək olan qurğular və ya kompüter proqramları.

Benefisiar.org

Oxunub: 509