Rəqəmsal vətəndaşlıq

Hüquqşünas
Rüxsarə Məmmədova – Hüquqşünas

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə gündəlik həyatımızı kompüter, telefon və s. bu kimi vasitələrsiz təsəvvür etmək mümkün deyil. İnformasiya texnologiyaları dedikdə kompüter texnologiyaları nəzərdə tutulur.

İnformasiya texnologiyalarının yaranması XX əsrin 60-cı illərinə təsadüf edir. Bu zaman ilk informasiya sistemləri yaradılmağa və təkmilləşdirilməyə başlamışdır. İnternetin inkişafı, yeni-yeni proqram və sistemlərin yaradılması, qloballaşma XX əsrin 90-cı illərindən informasiya texnologiyalarının inkişafının daha sürətlə getməsini göstərir. Hal-hazırda informasiya sənayesi dünya sənayesinə rəhbəlik edir.

Rəqəmsal vətəndaşlıq informasiya texnologiyalarından (kompüter, telefon və s) məsuliyyətli və səmərəli istifadəni nəzərdə tutur. Fiziki və hüquqi şəxslər onların vəsaitləri hesabına yaradılmış, qanuni yolla əldə edilmiş, yaxud bağışlama, vərəsəlik qaydasında toplanmış informasiya ehtiyatlarının, informasiya sistemlərinin, texnologiyalarının və onların təminat vasitələrinin mülkiyyətçisidirlər. İnformasiya ehtiyatları ilə işləməyə buraxılmaqda istifadəçilər bərabar hüquqlara malikdirlər. İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna əsasən fiziki və hüquqi şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiyaya, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallar istina edilməklə, maneəsiz olaraq buraxılmaq, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədilə istifadə etdiyini bilmək hüququ vardır.

Son dövrlərdə COVİD-19 pendemiyasının sürətlə yayılması dövlətlər tərəfindən xüsusi karantin rejiminin tətbiq edilməsinə gətirib çıxartdı. Pandemiya səbəbilə insanların evdə qalması onların informasiya texnologiyaları ilə ünsiyyət səviyyəsini artırdı. Belə ki, kiçikdən tutmuş böyüyə kimi hər kəs əvvəlki illərə nisbətən daha çox kompüter, telefon və digər vasitələrdən istifadə etməyə başladı. Məktəblərdə, universitetlərdə dərslərin onlayn qaydada tədris edilməsi, həmçinin bəzi iş yerlərinin onlayn rejimdə fəaliyyət göstərməsi rəqəmsal dünya ilə olan əlaqələrimizi daha da gücləndirdi. Təkcə qeyd edilən səbəblərdən deyil, digər səbəblərdən də dolayı (insanların boş qalan vaxtlarını sosial şəbəkələrdə keçirtməsi səbəbilə) informasiya texnologiyaları gündəlik həyatımızın bir parçasına çevrildi. Qeyd etdiyimiz səbəblər “rəqəmsal vətəndaşlığı” formalaşdıran əsas faktorlardan biri kimi çıxış edir. Yazımızda rəqəmsal vətəndaşlığa hüquqi aspektdən yanaşıb, bu sahədə olan hüquqi problemləri araşdırmağa çalışacağıq.

Rəqəmsal vətəndaşlıq nədir?

Rəqəmsal vətəndaşlıq – rəqəmsal texnologiyaların və medianın effektiv, təhlükəsiz və məsuliyyətlə istifadəsi bacarıqlarıdır. Rəqəmsal məkan öz istifadəçilərinin üzərinə müəyyən hüquq və vəzifələr qoyur. Bunlardan birincisi və ən əsası istifadə ilə bağlı olan vəzifələrdir. İnternetdən etik istifadə internetdə cəmiyyətin qanunlarına tabe olan bütün fəaliyyətləri əhatə edir. Qeyri-etik istifadə internetdə isə cəmiyyətin qanunlarına tabe olmayan bütün fəaliyyətləri əhatə edir. İnternetdən etik istifadə nümunələrinə mənbələrə düzgün istinad etmək, başqalarına hörmət etmək və istifadə etdiyiniz istinadlar, fayllar, proqramlar və s. üçün istifadə şərtlərini oxumaq və onlara riayət etmək daxildir. İnternetdən qeyri-etik istifadəyə misal olaraq, hakerlik, pirat proqram təminatı, qeyri-qanuni musiqi yükləmək, plagiatlıq və virusların yaradılması və yayılması daxildir.

Rəqəmsal vətəndaşlıqdan irəli gələn vəzifələrimizin pozulmasının əhəmiyyətli dərəcədə pis nəticələrinin olduğunu bilmək vacibdir. Rəqəmsal texnologiyadan istifadə cəmiyyətimizdə həm zəruri, həm də adi hala çevrildiyindən, xüsusilə də, gənclərin, tələbələrin rəqəmsal qanunları və onların pozulmasının nəticələrini başa düşməsi vacibdir.

Rəqəmsal qanunları başa düşməmək və onlara əməl etməmək ciddi hüquqi nəticələrə səbəb ola bilər. Pedaqoqlar da həmçinin şagirdlərinin məlumatlı olmasına və rəqəmsal texnologiyadan qanuni və etik şəkildə istifadə etməyə hazır olduqlarına əmin olmalıdırlar. Rəqəmsal texnologiya ilə bağlı məlumatların, habelə ondan düzgün istifadənin orta məktəblərdən başlayaraq təbliğ edilməsi daha məqsədəuyğundur.

Rəqəmsal vətəndaşlıqda əsas tələb identifikasiya ilə bağlıdır. Belə ki, rəqəmsal mühitə daxil olan şəxs özünü düzgün təqdim etməlidir. Yəni şəxsin ad və soyadının, həmçinin şəxslə bağlı digər məlumatların düzgün şəkildə daxil edilməsi buna misal ola bilər. Bəzən insanlar sosial şəbəkələrdə öz kimliklərini düzgün şəkildə təqdim etmir və bundan istifadə edərək digər istifadəçiləri narahat edəcək hərəkətlərə yol verirlər. Məsələn, sosial şəbəkələrdə hər hansı şəxsə hədə-qorxu gələ və ya ona təhqir və böhtan ata bilərlər. Özü haqqında olan məlumatarı düzgün təqdim etməyən belə şəxslər bu yolla cəzadan yaxa qurtaracaqlarını zənn edirlər. Belə şəxslər rəqəmsal mühiti bir növ cəzasızlıq mühiti hesab edirlər. Lakin bu, belə deyil. Belə şəxslər onların İP adresi vasitəsilə asanlıqla tapıla və cəzalandırıla bilər. Sosial şəbəkələrdə bu kimi hallarla qarşılaşdığımız zaman mütləq qaydada bu halın aradan qaldırılması üçün müəyyən addımlar atmalıyıq. Belə ki, saxta profillərdən və ya kiminsə şəxsi profilindən təhqir, böhtan xarakterli mesajlar aldıqda və ya şəxsi məlumatlarınızın sosial şəbəkələrdə rüsvayedici şəkildə paylaşılacağı ilə bağlı şantaj edildikdə mütləq qaydada Polis və yaxud da Prokurorluq orqanlarına müraciət etmək lazımdır. Belə ki, Cinayət Məcəlləsinin 148 və 148-1-ci maddələri qeyd edilən məsələlərlə bağlı məsuliyyət nəzərdə tutur. Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma hesab olunur və bunu edən şəxslər 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzaları ilə cəzalandırılır. Həmçinin Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bir sözlə, rəqəmsal dünyada olan insan hüquqlarımızın qorunması bizdən müəyyən addımların atılmasını tələb edir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. 

Əvvəlki məqaləDövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırdı
Növbəti məqalə“Reklamı qadağan olunan əmtəələrin Siyahısı” yenilənib