Qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər hansılardır?

Əmək Məcəlləsinin 241-ci maddəsinə əsasən əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır. Qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti ağır və zərərli olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Əgər şəxs fiziki işlə məşğul deyilsə, rəhbər vəzifələrdə çalışırsa və yaxud sosial, sanitar-tibbi xidmətlər göstərən işçidirsə, bu hallarda həmin sahədə qadın əməyinin tətbiqinə qadağa qoyulmur. Habelə şəxs fiziki işlər görmədən yeraltı iş yerlərinə düşüb qalxmaqla ayrı-ayrı vaxtlarda müvafiq yeraltı işlərin yerinə yetirilməsinə cəlb oluna bilər.

Qadın işçilər ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb oluna bilməz. Lakin qanunvericilikdə həmin əşyaların ümumi çəkisi ilə bağlı konkret hədd müəyyənləşdirilmişdir. Hansı ki həmin həddən kənara çıxmadan ağır əşyaların əl ilə qaldırılması və daşınması işləri qadın işçilər tərəfindən yerinə yetirilə bilər.

Qadınların əmək funksiyasına yalnız aşağıdakı normalar həddində ümumi çəkisi olan ağır şeylərin əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər:

  • başqa işlərlə yanaşı ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması;
  • ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması;
  • bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması;
  • 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və hərəkət edən digər vasitələrlə əşyaların daşınması

Hamilə və 3 yaşınadək uşağı olan qadınların müvafiq maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunması qadağandır.

Hazırladı: Rəvanə Mehdili – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

Oxunub: 902

Əvvəlki məqaləTəhsil işçilərinin əməkhaqları artırıldı
Növbəti məqaləŞəhid ailələrinə edilən güzəştlər artırılır