Baş Prokurorluq işlə bağlı müsabiqə elan edib

Baş Prokurorluq aşağıdakı vəzifələrə təyinatla əlaqədar müsabiqə elan edib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Dövlət ittihamının daha effektiv həyata keçirilməsi, bu sahədə vahid təcrübənin formalaşdırılması, məhkəmələrlə dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorlar arasında qarşılıqlı əlaqələrin daha səmərəli təşkilinin təmin edilməsi məqsədi ilə 24 fevral 2020-ci il tarixdə “Azərbaycan Respublikasının Baş Prokuroruluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturunun yenidən təşkil edilməsi haqqında” əmr imzalanmış və eyni tarixli sərəncamla Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına yenidən komplektləşdirilməsi üçün müsabiqə elan olunması qərara alınaraq komissiya yaradılıb.

Həmin sərəncama uyğun olaraq Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin yeni tərkibdə formalaşdırılması məqsədi ilə 3 böyük prokuror-metodist, 8 böyük prokuror və 87 prokuror vəzifəsinə təyinatla əlaqədar müsabiqə elan edilir.

Prokurorluq orqanlarında 5 il iş təcrübəsinə malik, yaşı 40-dan aşağı olan prokurorluq işçiləri müsabiqədə iştirak etmək üçün 3 mart 2020-ci il tarixədək Baş Prokurorluğun Kadrlar idarəsinə müraciət edə bilərlər.

Əlavə məlumat almaq üçün 492-62-23, 492-74-32 və 437-28-56 nömrəli telefonlar vasitəsilə əlaqə saxlamaq olar.

Əvvəlki məqaləMSK Müsavatın namizədinin şikayətini təmin etməyib
Növbəti məqaləVergi ödəyiciləri ilə bağlı məlumatların çıxışı asanlaşdı