Cəzanı yüngülləşdirən hallarda hansı dəyişikliklər edilib?

Cinayət Məcəlləsində edilən dəyişiliklərdən biri də 59-cu maddə ilə bağlıdır. Cinayət Məcəlləsinin 59-cu maddəsi “cəzanı yüngülləşdirən hallar”ı özündə ehtiva edir. Dəyişikliyə qədər “cəzanı yüngülləşdirən hallar” aşağıdakı qaydada idi:

1) hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi;

2) cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi;

3) cinayətin hamilə qadın tərəfindən törədilməsi;

4) cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması;

5) cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi;

6) cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi;

7) cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son zərurətin, əsaslı riskin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi;

8) cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi;

2017-ci ildə Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən sonra “cəzanı yüngülləşdirən hallar”ın dairəsi genişləndirildi. Yeni redaktə edilən və əlavə olunan hallar aşağıdakılardır:

1)cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi;

2) şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi;

3)cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması;

4)zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi;

5)cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması;

6)cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi.

Benefisiar.org