Koronavirusla bağlı növbəti xəbərdarlıq!

“Havaların soyuması ilə əlaqədar əhali daha çox qapalı məkanlardan istifadə edir. İnsanlarda təmas riski daha yüksəkdir. Bütün bunlara görə yoluxma halları artmağa doğru gedir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev bildirib. O qeyd edib ki, insanlar qapalı məkanlarda ara məsafəsini qorumur və bir çox hallarda maskadan düzgün istifadə etmirlər.

TƏBİB rəsmisi əhaliyə çağırış edərək bildirib ki, əgər qaydalara əməl olunmasa, yoluxma sayının daha da artma ehtimalı var:

“İnsanlara çağırış edirəm, onlardan təvəqqem budur ki, maskanı daha diqqətlə taxsınlar, ara məsafəsini qorusunlar. Biz bilirik ki, test sayı nə qədər çox olursa, bir o qədər çox cavabı pozitiv çıxan xəstələri aşkarlaya bilirik. Bu rəqəmlər gündən-günə artır. Eyni zamanda, kütləvi toplaşmalar da bu sayın artmasına təsir edir.

İnsanlar ordu sıralarından geri dönür, hər kəs onları görməyə gedir. Həm də şəhidlərimizlə əlaqədar dəfn mərasimləri keçirilir. Bunlar tam başadüşüləndir, bunlarsız olmur. Amma bu cür kütləvi yerlərdə mütləqdir ki, ara məsafəsi saxlanılsın.

Şərt deyil ki, insanlar bir-birini qucaqlasınlar, bir-birinə yaxın dursunlar. Bir-biri ilə görüşsələr belə, mütləqdir ki, qaydalara əməl olunsun, maska taxılsın. Əks halda, xəstəlik artmağa doğru davam edəcək”.

Əvvəlki məqaləDövlət Vergi Xidməti “Asan İmza” ilə bağlı yeni xidmət istifadəyə verib
Növbəti məqaləBakı poliklinikaları gücləndirilmiş iş rejiminə keçdi