Müəlliflərin əmlak hüquqları ilə bağlı qonorarların məbləği açıqlanıb

Əqli Mülkiyyət Agentliyi müəlliflərin əmlak hüquqlarının idarəçiliyini təmin etmək nəticəsində yığılan müəllif qonorarlarının məbləğini açıqlayıb.

“Report” xəbər verir ki, ötən il müəlliflərin əmlak hüquqlarının idarəçiliyini təmin etmək nəticəsində (teatrtamaşa təşkilatlarında əsərlərdən istifadəyə görə) 35 063 manat müəllif qonorarı yığılıb və təyinatı üzrə bölgüsü aparılıb.

Bunlardan Azərbaycan müəlliflərinə 24468 manat, xarici müəlliflərə 4552 manat, dövlət varidatı olan əsərlərə görə 1049 manat, gəlir vergisi 4689 manat, bank xidməti 306 manat təşkil edir.

Eyni zamanda qonorar hesablanan yerli və xarici müəlliflərin adları, soyadları və mənsub olduqları ölkələr barədə məlumatların dəqiqləşdirilməsi istiqamətində mütəmadi iş aparılıb.

Agentliyin hesabına daxil olmuş 33760 manat müəllif qonorarından köçürmə yolu ilə 31341 manat Azərbaycan müəllifllərinə, 1357 manat xarici müəlliflərə ödənilib, qonorardan tutulmuş gəlir vergisi 7534 manat və dövlət varidatına görə 3104 manat vəsait dövlət büdcəsinə, 306 manat bank xidməti üçün köçürülüb.

Son illər xidmət edilən müəlliflərin sayında davamlı olaraq artım müşahidə olunub. Məsələn, 2012-ci ildə xidmət göstərilən müəlliflərin sayı 3188, 2013-cü ildə 3190, 2014-cü ildə 3200, 2015-ci ildə isə 3231,2016-cı ildə 3322, 2017-cı ildə 3348 2018-cı ildə 3380 nəfər,2019-cu ildə 3430 nəfər, 2020-ci ildə isə 3470 nəfər olub.

2020-ci ildə Agentliyin qonorar yığımını əhatə etdiyi istifadəçi təşkilatlarda – Mədəniyyət Nazirliyinin tabeçiliyində olan teatr-tamaşa müəssisələrində müəllif qonorarının hesablanması və ödənilməsi üzrə müəyyən iş aparılıb. Göstərilən dövr ərzində əsərlərdən istifadəyə görə qonorar ödəməyən, həmçinin qonorar üzrə borc qalıqları olan teatr-tamaşa müəssisələri ilə əlaqə saxlanılıb, müəllif qonorarının düzgün hesablanması və vaxtında Agentliyin hesabına köçürülməsini təmin etmək üçün operativ araşdırmalar aparılıb, müvafiq üzləşmə aktları tərtib edilib, borc qalıqlarının miqdarı dəqiqləşdirilib.

2020-ci ilin statistik göstəriciləri qonorar məbləğinin və qonorar hesablanmış müəlliflərin sayının artdığını göstərir. Hesablanmış qonorar barədə 390 nəfər müəllifin müraciətlərinə baxılıb, müvafiq izahatlar verilib. Qonorar hesablanmış 390 nəfər müəllifə çatacaq qonorar məbləğlərinin Visa elektron kartları vasitəsi ilə verilməsi təmin edilib.