DİM: 40 yaşdan yuxarı yalnız 4 nəfər imtahanı uğurla keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 19 fevral 2021-ci ildə inzibati vəzifələrin A və B növünə (inzibati rəhbər və icraçı vəzifələr) aid olan AA, AB, AC, BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçirilib.

DİM-dən “Report”a verilən məlumata görə, qeydiyyatdan keçən namizədlərin 1008 nəfəri kişi, 1084 nəfəri isə qadın olmuşdur. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 931 nəfər (qeydiyyatdan keçənlərin 92.4%-i), qadınlar üzrə isə 1005 nəfər (qeydiyyatdan keçənlərin 92.7%-i) 20-34 yaş intervalında olanlardır. Yuxarı yaş qrupları (45-64 yaş intervalı) üzrə 17 nəfər (9 kişi, 8 qadın) qeydiyyatdan keçsə də, imtahanda yalnız 1 nəfər (1 qadın) uğur qazana bilib. Ümumiyyətlə, imtahanda iştirak edən 40 yaşdan yuxarı namizədlərdən yalnız 4 nəfər imtahanı uğurla keçib.

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən 651 nəfər (uğur əldə edənlərin təqribən 88%-i, 281 kişi və 370 qadın) 20‑29 yaş intervalında olan namizədlərdir. 30-39 yaş intervalında isə 85 nəfər (42 kişi və 43 qadın) lazım olan balı toplaya bilib.

İmtahanda uğur qazanan namizədlərin 721 nəfəri, yəni təqribən 97.4%-i yaşı 34-ə qədər olan insanlardır. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 19 nəfərdir.

Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2092 namizəddən 740 nəfəri (35.4%) müvəffəqiyyət əldə edib. Nəticələrə kişi və qadınlar üzrə ayrıca baxsaq görərik ki, qadınların müvəffəqiyyət göstəriciləri nisbətən yüksək olub. Belə ki, qeydiyyatdan keçmiş 1008 kişidən 324 nəfər (32.1%), 1084 qadından isə 416 nəfər (38.4%) uğur əldə edib.

Əvvəlki məqaləAzad edilən ərazilərin torpaq sahələrinin inventarlaşdırılması yekunlaşıb
Növbəti məqaləKoronavirusa görə daha bir məktəb bağlandı