Özünüməşğulluq proqramında iştirak qaydaları

Özünüməşğulluq Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanununun 1.1.15 maddəsində qeyd olunduğu kimi, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir.

Özünüməşğulluq proqramında iştirak bir neçə mərhələdən ibarətdir.

İlk növbədə iştirak etmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında (şəhər, rayon məşğulluq mərkəzlərində) qeydiyyata dayanmaq lazımdır. Belə ki, nazirlik tərəfindən məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunur və biznesin təşkili ilə bağlı bir aylıq təlim kurslarına cəlb edilirlər.

Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən keçirilən təlim kurslarında iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnirlər. Kursları başa vuran və qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən işsiz və işaxtaran şəxslərin seçdikləri iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluq fəaliyyətinin təşkili üçün onlar aktivlərlə təmin olunurlar. Bu aktivlər natura şəklində material, avadanlıq və digər əmlakın 2 il müddətinə müqavilə əsasında verilir.

Aktivlər verildikdən sonra da proqram iştirakçılarına biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlərin verilməsi təmin edilir və özünüməşğulluq fəaliyyətinin 1 il ərzində monitorinqi aparılır. Müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.

Özünüməşğulluq proqramı mikro və kiçik sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün əlverişli imkanlar yaratdığından vətəndaşların bu proqrama müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə 2019-cu ildən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlığa əsasən vətəndaşlar KOBİA-nın dəstəyindən də faydalana bilər. Bunun üçün onlar elektron platforma və Ərazi Məşğulluq Mərkəzləri ilə yanaşı, Bakı şəhəri və ölkə regionlarında fəaliyyət göstərən KOB dostlarına da müraciət edə bilərlər.

O cümlədən, KOBİA proqrama qoşulmuş vətəndaşlar üçün təlimlərin təşkili, proqrama uyğun gələn vətəndaşların təsərrüfatına baxış, onlara aktivlərin (mal, material və digər əmlak) verilməsi proseslərində də aktiv iştirak edir. Özünüməşğulluq proqramını uğurla başa vurmuş vətəndaşlar növbəti mərhələdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün də KOBİA-nın dəstək və xidmətlərindən istifadə edirlər.

Hazırladı: Aynur Bağırova – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi 

Hüquqşünas

Oxunub: 724

Əvvəlki məqaləCOVID-19 pasportunun yoxlanılması üçün bu tətbiq istifadəyə verildi – VİDEO
Növbəti məqaləDaxili İşlər Nazirliyindən saxta COVİD-19 pasportu alanlarla bağlı açıqlama