Daha bir publik-hüquqi şəxs yaradılıb

Martın 7-də dövlət başçısı İlham Əliyev Azərbaycanda gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında barədə fərman imzalayıb.

Fərmanla prezident yanında Gənclər Fondunun əsasında “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb və nizamnaməsi təsdiq edilib.

Təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi prezidentə və Nazirlər Kabinetinə həvalə olunub.

Nizamnaməyə görə, qurumun dövlət büdcəsi vəsaiti hesabına yaradılan nizamnamə fondunun məbləği 115 min manatdır.

Bununla da ölkə gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarının maliyyələşdirilməsi üçün yeni prosedur müəyyən edilib.

Prezident yanında Gənclər Fondunun nizamnaməsində gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasının maliyyələşdirilməsi kimi səlahiyyəti olmayıb, yeni yaradılan qurum isə bunu nəzərdə tutur.

Yeni təsis edilən Fondun nizamnaməsində isə deyilir ki, qurumun vəzifələrindən biri ixtisas və təhsil proqramları üzrə ölkənin ehtiyacları nəzərə alınmaqla, Fondun vəsaiti hesabına gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil prosesini, eləcə də beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakını maliyyələşdirməkdir.

Fond aztəminatlı ailələrdən olan gənclərə təhsil müddətində təhsil müəssisəsinin yataqxanasında yer ayrılması üçün öz vəsaiti hesabına maliyyə dəstəyi verəcək.

Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları “Publik hüquqi şəxslər haqqında” qanun ilə tənzimlənir.

Publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. Publik hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər. Publik hüquqi şəxsin yaradılması ilə bağlı digər məsələlər Mülki Məcəllə ilə tənzimlənir. Azərbaycanda publik hüquqi şəxslərin yaradılmasına 2016-cı ildən başlanılıb.

Turan