Etibarnamə necə verilir?

Etibarnamə hər hansı bir işin icrasını bir tərəfin (etibar edən, etibarnaməni verən) başqa bir tərəfə (etibar edilənə, etibarnamə alana) etibar etdiyini bildirən hüquqi əhəmiyyətə malik sənəddir.

Mülki Məcəllədə etibarnaməyə belə anlayış verilmişdir:

Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Aydın olduğu kimi, etibarnamə üçüncü şəxsə ünvanlanır.

Etibar edilmişi etibaretmə:

Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnamə verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Əsas şərt ondan ibarətdir ki, səlahiyyətlərini başqa şəxsə vermiş nümayəndə bunu etibarnaməni verənə bildirsin və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat versin. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verən nümayəndənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətlərində olduğu kimi məsuliyyət qoyur. Burada digər şərt ondan ibarətdir ki, etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.

Etibarnamənin müddəti:

Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamədən fərqli olaraq, etibarnamə istənilən müddətə verilə bilər.

• Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən 1 il ərzində qüvvəsini saxlayır.

• Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.

• Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.

• Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə 1 ildən artıq müddətə verilə bilməz.

Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir:

• etibarnamənin müddətinin bitməsi;

• etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi;

• etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi;

• etibarnamə verilmiş şəxsin imtinası;

• adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;

• adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;

• etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması;

• etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması.

Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.

Etibarnaməyə xitam verilməsinin nəticələri:

Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur.

Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.

Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar.

Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür.

Benefisiar.org

Oxunub: 7100