Uşaq hüquqlarının təmini mexanizmləri ilə bağlı layihə hazırlanır

“Yetkinlik yaşına çatmayanların işləri ilə bağlı yerlərdə komissiyalar fəaliyyət göstərir. Bu gün həmin komissiyaların fəaliyyəti o qədər də qənaətbəxş deyil”.

APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyyə İbrahimova deyib. O bildirib ki, bu komissiyalar lazımı potensial və resursa malik deyil: “Onların fəaliyyətini tənzimləyən sənədlərin təkmilləşdirilməsi üzərində iş aparılır. Yeni əsasnamə layihəsi hazırlanır. Çətin həyat şəraitində olan uşaqların aşkarlanması, fövqəladə vəziyyətlərdə uşaq hüquqlarının təmin edilməsi ilə bağlı mexanizmləri nəzərdə tutan layihələr hazırlanır. Uşaqlarla davranış xüsusi yanaşma tələb edir. Bu gün polis tərəfindən uşaqlarla münasibətdə hər hansı boşluq varsa, bu, polisin günahı deyil. Bunu tənzimləyən bir sənəd olmalıdır. Polis o istiqamətdə hazırlanmalıdır. Bu baxımdan qanunvericilik də hazırlanır. Gələcəkdə bunun nəticələrini də görəcəksiz. Əvvəlki illərlə müqayisə etsək görərik ki, irəliləyiş var. İl ərzində komitəyə məişət zorakılığı ilə bağlı 300-dən çox müraciət daxil olur. Bu, tək komitəyə olan müraciətdir. Bundan başqa hüquq-mühafizə orqanlarına olan müraciətlər də var. İndi müraciət etmək istəyi var. Vaxt var idi ki, bu hallar gizli saxlanılırdı”.

Əvvəlki məqaləƏlilliyi olan şəxslərə mühərrikli arabaların verilməsi qaydaları açıqlandı
Növbəti məqaləNazir: “Pensiyanın artması üçün sosial sığorta ödənişləri artmalıdır”