İctimai işlərə necə cəlb edilmək olar?

Ötən il “İşsizin Dostu” proqramına start verilib. Həmin proqram çərçivəsində 38 min işsiz vətəndaşın ictimai işlərlə təmin olunması nəzərdə tutulmuşdur. Mövcud pandemiya ilə əlaqədar olaraq vətəndaşların iş yerlərini itirməsi bu proqrama olan tələbatı da artırdı. Beləcə, ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırıldı.

İşsiz və işaxtaran şəxslər proqram çərçivəsində ödənişli ictimai işlərə (sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq, o cümlədən sosial xidmətlərin göstərilməsi və s.) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən cəlb edilirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “DOST İş Mərkəzi” tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. İctimai işlərə cəlb olunan hər bir vətəndaşla əmək müqaviləsinin bağlanması onların sosial sığorta sisteminin iştirakçısına çevrilməsinə, gələcək pensiya təminatları üçün fərdi hesablarında pensiya kapitalı formalaşdırmalarına imkan yaradır.

İctimai işlərə cəlb olunmaq üçün işsiz vətəndaşlar ilk növbədə yaşadıqları ərazi üzrə yerli məşğulluq mərkəzlərinə ərizə ilə müraciət edərək, işsiz və ya işaxtaran kimi qeydiyyata düşməlidirlər. Bundan sonra həmin məşğulluq mərkəzinin müvafiq göndərişi əsasında “DOST İş Mərkəzi” tərəfindən vətəndaşla əmək müqaviləsi rəsmiləşdirilir və həmin şəxslərin ictimai işlərə cəlb edilməsi üçün mərkəzi icra hakimiyyətinin tabeli qurumlarına bu barədə məlumat verilir. Tədbirlər planına əsasən ilin sonunadək proqramın icrasının davam etdirilməsi nəzərdə tutulub.

Benefisiar.org

Oxunub: 374

Əvvəlki məqaləBüdcəyə yenidən baxılacaq – Təkliflər Nazirlər Kabinetinə təqdim edildi
Növbəti məqaləLisey üzrə meyarlar müəyyənləşdi