“Qadınlar Qayıdır!”

Noyabrın 25-i “Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü”ndə  gənc qadın hüquqşünaslar tərəfindən “Qadınlar Qayıdır” Təşəbbüs Qrupu elan edilib. Təşəbbüs Qrupunun əsas məqsədi qadınların, gənc qızların, xüsusilə də bir zamanlar məcburi köçkün olan qadınların və həmin icmadan olan gənc qızların maarifləndirilməsi, ictimai iştirakçılığa cəlb edilməsi və onların qərarvericilik prosesində rolunun gücləndirilməsidir. Təşəbbüs Qrupu həmçinin işğaldan azad edilmiş rayonlara qadınların qayıtması prosesinə töhvə verməyi hədəfləyib.

Təşəbbüs Qrupu bu məqsədə nail olmaq üçün müvafiq Fəaliyyət Planı hazırlayıb. Təsisçilər qeyd edir ki, Bakıda və regionlarda debatlar, seminarlar, təlimlər və məlumatlandırıcı görüşlər təşkil edilərək bu Fəliyyət Planı tətbiq ediləcək. Həmin Fəaliyyət Planı aşağıdakı istiqamətləri əhatə edir:

– qadınlar üçün ödənişsiz hüquqi, psixoloji, sosial və reproduktiv sağlamlıq üzrə maarifləndirilmənin aparılması;

– qadınların ictimai və siyasi həyatda, həmçinin sülh quruculuğu prosesində iştirakının və təmsilçiliyinin gücləndirilməsi;

– qadınların gender bərabərliyi, gender əsaslı zorakılıq, xüsusilə də məişət zorakılığının qarşısının alınması barəsində maarifləndirilməsi;

– qadınların və gənc qızların təhsilə həvəsləndirilməsi, eləcə də, xarici dil bacarıqlarının artırılması və onların bu sahədə istiqamətləndirilməsi;

– qadınların iqtisadi azadlığının təmin edilməsi üçün onların məşğulluğa və kiçik sahibkarlıq proqramlarına yönəldilməsi;

-keçmiş məcburi köçkün qadınların sosial-psixoloji adaptasiyasına yardım;

-işğaldan azad edilmiş bölgələrdə sosial mühitin yaradılmasında qadınların rolunun artırılması və s.

“Qadınlar Qayıdır” təşəbbüs qrupunun təsisçiləri Böyük Britaniyanın York Universitetinin məzunu, hüquqşünas Sevinc Quliyeva və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu, hüquqşünas Ləman Xəlilzadədir. Hər iki təsisçi məcburi köçkün ailəsindən olan gənc qızlar olaraq ümumilikdə bu icmanın yaşatdığı çətin həyatı bilavasitə öz üzərlərində hiss ediblər. Buna görə də rayonlar işğaldan azad edildikdən sonra keçmiş məcburi köçkün qadınların və gənc qızların ictimai həyata yenidən qayıtması və Qarabağ qadınlarının təşkilatlanması təşəbbüsü ilə çıxış ediblər.

Əvvəlki məqaləYanvarın 1-dən bu şəxslərin pensiyaları artımla veriləcək
Növbəti məqaləDOST Agentliyinə hansı məsələlərlə bağlı müraciət etmək olar?