Mİlli Məclis lotereyalarla bağlı qanun layihəsini qəbul etdi

Bu gün Milli Məclisin plenar iclasında “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsi dövlət başçısının sərəncama uyğun olaraq hazırlanıb və aşağıdakıları nəzərdə tutur:

– lotereyaların təşkili və keçirilməsi sahəsində tənzimləyici orqanın müəyyən olunması və onun fəaliyyət dairəsinin təkmilləşdirilməsi, o cümlədən tiraj komissiyasının üzv ola biləcək şəxslərin siyahısının və onların vətəndaş qüsursuzluğunu təsdiq edən sənədlərin səlahiyyətli orqanla razılaşdırılması prosedurunun müəyyən olunması;
– lotereyanın uduş fondunun yuxarı həddinin (80 faizdən çox ola bilməməsi tələbinin) aradan qaldırılması və bir tirajın uduş fondunun oynanılması nəticəsində həmin uduş fondunun udulmamış hissəsinin növbəti tirajda oynanılmasının nəzərdə tutulması;
– lotereya şərtlərinin təkmilləşdirilməsi, lotereyanın təşkili və keçirilməsi, habelə onun şərtlərində dəyişiklik edilməsi ilə bağlı müddətlərə yenidən baxılması (müddətlərin optimallaşdırılması);
– lotereya biletində nəzərdə tutulmalı bir sıra məlumatların lotereya təşkilatçısının internet səhifəsində əks olunması;
– virtual lotereyanın təşkili və keçirilməsinin hüquqi əsaslarının yaradılması;
– lotereyanın dayandırılması və onun keçirilməsinə xitam verilməsi əsasları və qaydasının təkmilləşdirilməsi.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.