“Elektron Hökumət” portalı üzərindən edilən müraciətlərin sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərə son bir ayda 649,5 min dəfə müraciət qeydə alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə isə indiyədək e-xidmətlərə müraciətlərin sayı 25 mln. 250 minə çatıb ki, bu da ötən dövrdə “Elektron Hökumət” portalından ümumi istifadənin 38,5%-ni təşkil edir.

Əmək və sosial müdafiə, sosial sığorta, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrinin fəaliyyətinin elektron sistemlər üzərində formalaşdırılması müvafiq dövlət xidmətlərinin əhaliyə elektron müstəvidə və vahid pəncərə əsaslı təşkilini, nəticədə məmur-vətəndaş kontaktlarının da minimallaşdırılması şəraitində həmin xidmət sektorlarında şəffaflığın, sosial təminat sistemində ünvanlılıq prinsipinin təmin edilməsini reallaşdırıb. Digər tərəfdən, əhalinin bu xidmətlərdən rahat və asan istifadə imkanlarına yiyələnmələrinə, həmçinin sosial cəhətdən həssas əhali qruplarının aidiyyəti xidmətlərə əlçatanlığına nail olunub.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a qədər e-xidməti fəaliyyət göstərir. Cari ilin mart ayında da onlardan “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (225 931 müraciət), “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” (61 811 müraciət), “İş yerinə dair arayış” (49 596 müraciət), “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (27 185 müraciət), “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” (25 964 müraciət) və digər e-xidmətlər vətəndaşların ən çox faydalandığı e-xidmətlərdən olublar. Eləcə də “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Pensiya kalkulyatoru” və s. kimi e-xidmətlərə müraciətlərin sayı daim artmaqdadır.