İşçilərin fərdi və kollektiv hüquqları hansılardır?

İşçilərin fərdi hüquqları aşağıdakılardır:

  • Öncəliklə, işçi dedikdə qanunla hansı şəxslərin nəzərdə tutulduğunu aydınlaşdırmaq məqsədəuyğundur. Əmək Məcəlləsinin 3-cü maddəsində işçiyə işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs anlayışı verilir.
  • Əmək müqaviləsi dedikdə isə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə nəzərdə tutulur.
  • İşçilərin fərdi hüquqlarına gəldikdə isə qeyd edilməlidir ki, işçilərin fərdi hüququnun əsaslarından biri Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində göstərilən müddəalardır. Belə ki, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ mövcuddur. Şübhəsiz ki, heç kəs zorla işlədilə bilməz, həmçinin iradə ifadəsi olmadan əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
  • Buna baxmayaraq Konstitusiya məcburi əməyin qanunla müəyyən edilmiş bir sıra formalarının tətbiqinə imkan verir. Bunlara məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hәrbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək halları daxildir.
  • Bütün bunlarla yanaşı hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq, eləcə də işsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır.
  • Vurğulamaq yerinə düşərdi ki, əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir.

Konstitusiya ilə yanaşı Əmək Məcəlləsi işçilərin bir sıra fərdi hüquqlarının əhatə dairəsini müəyyən edir:

  • sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq;
  • əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;
  • iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq;
  • həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək;
  • qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq;
  • iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək;
  • əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək;
  • mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq;
  • qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq;
  • müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq;
  • qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək;
  • hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək;
  • peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq;
  • əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək;
  • işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək;
  • qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək;
  • əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;
  • sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək;
  • işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq;
  • iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq.

İşçilərin kollektiv hüquqları aşağıdakılardır:

  • İşçilərin Konstitusiyada göstərilən bir digər hüququ isə həmkarlar ittifaqında birləşmək hüququdur. Əmək Məcəlləsinin 19-cu maddəsinə əsasən, həmkarlar ittifaqları işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında yaradılır.
  • İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər.
  • Bununla yanaşı “Həmkarlar ittifaqları” haqqında qanunun 5-ci maddəsinə əsasən, Həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər.
  • Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır.
  • Bundan əlavə, Həmkarlar ittifaqlarının üstünlüklərindən biri də Əmək Məcəlləsinin 28-ci maddəsində nəzərdə tutulduğu kimi kollektiv müqavilənin hazırlanması və bağlanması zəruriliyi haqqında qərar qəbul etməkdir.
  • Kollektiv müqavilənin anlayışına gəldikdə isə yenidən Əmək Məcəlləsinin 3-cü maddəsinə yönəlmək zərurəti yaranır. Belə ki, həmin maddəyə görə kollektiv müqavilə işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.
  • Kollektiv müqavilənin məzmununda əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi, qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla əmək haqqı miqdarının tənzimlənmə mexanizmi, işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial təminatlar və güzəştlərin müəyyən edilməsi,  işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi, əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi və işçilər üçün bu kimi bir sıra əlavə hüquqlar nəzərdə tutulur.

Hazırladı: Tural Həsənov – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

 

Oxunub: 119