Nazirdən müəllimlərin sertfikasiyası ilə bağlı açıqlama

“MİQ imtahanından keçən müəllimlər ən azı beş il ərzində sertsikasiyaya cəlb olunmayacaqlar”.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, müəllimlərin işə qəbul imtahanından keçən müəllimlər təkrar sertfikasiyaya cəlb olmayacaq:

“Bu mövzuda həmkarlarımdan istərdim ki, bir qədər səbrli olsunlar. Bizim ilkin planımız odur ki, MİQ imtahanından keçən müəllimlər ən azı beş il ərzində sertsikasiya imtahanına cəlb olunmasınlar. Çünki iki dəfə bir insanı eyni qurum tərəfindən imtahana cəlb etmək düzgün deyildi. Hazırda əməkhaqqında müəyyən artımlar tətbiq edildiyinə görə, bunun sertfikasiya ilə uyğunlaşdırılması məsələsi gündəmdədir. Hərçənd ki, MİQ imtahanının məntiqi “kimi işə götürək?” sualına cavab tapmaqdır. Sertfikasiyanın məntiqi fərqlidir”.

O qeyd edib ki, MİQ müsabiqəsindən son illərdə keçmiş müəllimlərin də əməkhaqqına bu artımlar tətbiq ediləcək. Lakin bunun mexanizmi işlənib hazırlanmalıdır:

“Bunun üçün sertfikasiyanın birinci mərhələsi yekunlaşmalıdır ki, həmin şkalaları analiz edə bilək. Mexanizm müəyyən etməlidir ki, kimin maaşı 10, kimin maaşı 35% artsın. İki üsuldan biri seçiləcək. Ya MİQ imtahanı verən müəllimlər də sertifikasiyaya buraxılacaq və ya MİQ imtahanı ballarını sertfikasiya ballarına uyğunlaşdıracağıq. İstənilən halda bu alqoritm növbəti 4 il ərzində tətbiq ediləcək. 35 min şəxsi əhatə etməklə bütün ölkə müəllimlərinə şamil olunacaq”.