Xalid Bağırov: “Bir fərmanla ədliyyə sistemində islahatlar aparmaq mümkün deyil”

“Bütün siyasi sistemdə islahatlar aparılmadan ədliyyə sahəsində islahatlar və cəza sisteminin humanistləşdirilməsi mümkün deyil”. Bu fikri hüquq sahəsində müstəqil ekspert Xalid Bağırov Turan agentliyinin “Çətin sual” proqramına müsahibəsində prezident İlham Əliyevin Probasiya Xidmətinin yaradılması barədə sərəmcamını şərh edərkən söyləyib.

O xatırladıb ki, vaxtilə Əliyev “elektron məhkəmə”lərin yaradılması haqda fərman imzalamışdı. Bu, məhkəmələrdə sənədlərin, məhkəmə iclaslarının videoqeydlərinin elektron dövriyyəsinin aparılmasını nəzərdə tuturdu. Ancaq vəkillərin təkidli çağırışlarına baxmayaraq, heç bir iş görülmədi.

Prezidentin sərəncamında alternativ həbs cəzasından effektiv istifadə olunmadığı vurğulanır.

Ancaq problemin səbəbləri təhlil edilmir. Cinayətkarlıqla mübarizə təkcə qanun pozuntusuna görə cəza deyil, həm də cinayətkarlığı yaradan sosial səbəblərin aradan qaldırılmasıdır.

Bundan əlavə, məhkəmənin müstəqil olmaması bir çox problemlərə yol açır. Hətta prezidentin sərəncamında da məhkəmə hakimiyyətinə birbaşa göstərişlər var.

Son illər hakimiyyət qanunvericilikdə azadlıqların məhdudlaşdırılması və hüquqi normaların pozulmasına görə məsuliyyət tədbirlərinin sərtləşdirilməsi yolunu tutub.

Əsasən diffamasiya, kütləvi toplantıların keçirilməsi qaydalarının pozulmasına və s. görə cəza sərtləşdirilib.

Bundan başqa siyasi fəallara qarşı cəza sərtləşdirilib. Əgər 5 il bundan öncə fəallar CM-in 234.1-ci (qanunsuz narkotik maddənin saxlanması) maddəsi ilə cəzalandırılırdısa, 2013-cü ildən başlayaraq daha ağır maddə – 234.4.3-cü maddə (külli miqdarda qanunsuz narkotik maddənin dövriyyəsi) tətbiq edilir ki, bu da 5 ildən 12 ilədək həbs cəzasını nəzərdə tutur.

Öncələr icazəsiz mitinqlərdə iştiraka görə “ictimai asayişin pozulması” maddəsi üzrə məsuliyyətə cəlb edirdilər, indi daha ağır maddə – “kütləvi iğtişaşların təşkili və onlarda iştirak” maddəsi tətbiq olunur.

X.Bağırov hələ sovet dövründə inşa edilmiş penitensiar müəssisələrdə infrastrukturun yaxşılaşdırılmasının vacibliyini qeyd edib. Onların bəzisi, əsasən Qızıldaş və Puta qəsəbələrində daş karxanalarının yaxınlığında yerləşənlər yaşamaq üçün yararlı deyil.

Həbsxanalarda tualet çatışmır. Elə koloniya var ki, 150-200 nəfərə bir tualet düşür. Halbuki, standartlara görə, 20 nəfərə1 tualet olmalıdır.

Probasiya Xidmətinə gəlincə, bu, azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan cəzaların – şərti cəzalar, cərimələr, ictimai işlər, məntəqə tipli koloniyalarda cəzaçəkmə kimi cəzaların icrası ilə məşğul olacaq.

Məhbusların əməyə cəlb edilməsi barədə bəndə toxunan X.Bağırov bunun icbari əməklə bağlı sovet sisteminin bərpasına gətirib çıxara biləcəyindən ehtiyatlanıb.

X.Bağırov hesab edir ki, indiki penitensiar sistem məhkumların islah olunmasını təmin etmir, ilk dəfə həbsxanaya düşənlər və cinayəti qəsdən törətməyənlər koloniyalarda “kriminallaşdırılır”, sonra isə yenidən cəzaçəkmə yerlərinə qayıdır. (Turan)