Reklam haqqında əsas anlayışlar və ümumi tələblər hansılardır?

Reklam nədir?

Reklamla əlaqəli ümumi müddəalar “Reklam haqqında” Azərbaycan Respublikası qanunu ilə tənzimlənir. Qanunun 2-ci maddəsində reklamın anlayışı verilərək qeyd olunub ki, reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq, satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat reklam hesab olunur.

Reklam fəaliyyəti nədir?

Reklam fəaliyyəti dedikdə isə reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək məqsədi ilə reklamvericinin, reklam yaradıcısının, reklam istehsalçısının, reklam agentinin və reklam yayıcısının (reklamın subyektlərinin) hərəkətlərinin məcmusu nəzərdə tutulur.

Reklam daşıyıcıları nələrdir?

Bununla yanaşı, reklam sahəsinin önəmli ünsürlərindən biri olan reklam daşıyıcıları reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları, nəqliyyat vasitələri və s.) əmlak, kütləvi informasiya vasitələri, kino, video, audio materiallar və çap məhsulları, telekommunikasiya qurğuları və poçt göndərişləridir.

Reklam, əsasən, reklam istehlakçılarının diqqətini əmtəəyə (məhsul və ya xidmətə) cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. O, əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir.

Reklamda hansı hallara yol verilməməlidir?

  • Reklamda dövlət əleyhinə yönələn açıq çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa, zorakılığa, təcavüzə, milli mənəvi dəyərlərə, insanların həyat və sağlamlığına, şərəf və ləyaqətinə, dini və siyasi əqidəsinə, ictimai təhlükəsizliyə, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik edilməməli, Azərbaycan Respublikasının dövlət rəmzlərinin və atributlarının təhrifinə, etik normalara zidd hallara yol verilməməlidir.
  • Xüsusilə qeyd olunmalıdır ki, narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının (siyahı qanunla genişləndirilə bilər) reklamına yol verilmir. Bunun əsas məqsədi isə cəmiyyətə zərərli məhsullara insanların marağını azaltmaq, onların istifadəsini minimuma endirməkdir.

Reklamın obyekti və subyektləri:

Bildiyimiz kimi münasibətin obyekti dedikdə həmin münasibətin tətbiq olunduğu sfera, subyekti dedikdə həmin münasibəti həyata keçirən şəxslər başa düşülür. “Reklam haqqında” qanuna əsasən, reklamın obyektinə reklam olunan mallar, işlər və xidmətlər (hər üçü ümumiləşdirilərək əmtəə hesab oluna bilər), onların fərdiləşdirilmə vasitələri (bu vasitələr sayəsində əmtəə öz xüsusiyyətlərinə görə digər əmtəə növlərindən fərqləndirilir), həyata keçirilən kommersiya və qeyri-kommersiya xarakterli tədbirlər daxildir.

Reklamın obyekti hansı əmtəə və hərəkətlər ola bilməz?

Reklamı qadağan olunmuş əmtəələr, yəni Azərbaycan Respublikasının ərazisində mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların, habelə reklam istehlakçısının mənəviyyatına, fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən, onda zərərli vərdişlər aşılayan, ictimai təhlükəsizlik, ətraf mühit üçün təhlükə potensialı olan əmtəələr və hərəkətlər reklamın obyekti kimi çıxış edə bilməz.

Reklamın subyekti kimi kimlər çıxış edə bilər?

Reklamın subyektləri kimi isə qanunda reklamverici, reklam yaradıcısı, reklam istehsalçısı, reklam agenti, reklam yayıcısı və reklam istehlakçısı göstərilib.

  • Reklamverici reklam obyektinin reklamının yaradılmasını, istehsalını, yayımını sifariş edən, maliyyələşdirən və reklamın məzmununu təyin edən şəxsdir.
  • Reklam yaradıcısı reklamın ümumi tərtibatını, o cümlədən rəng çalarlarını, səs müşayiətini, obrazlarını yaradan fiziki şəxsdir.
  • Reklam istehsalçısı məlumatı reklam formasında yayımlamaq üçün bütövlüklə yaxud qismən hazırlayan şəxsdir.
  • Reklam agenti reklamverici, reklam yaradıcısı və reklam istehsalçısı ilə müqavilə əsasında onların adından fəaliyyət göstərən fiziki və hüquqi şəxsdir.
  • Reklam yayıcısı reklamı müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxsdir.
  • Reklamın istehlakçısı isə diqqəti reklam obyektinə cəlb edilən fiziki şəxsdir.

Yol verilməyən reklamlar hansılardır?

“Reklam haqqında” qanun yol verilməyən (istifadəsi qadağan olunan) reklamları üç yerə bölür: haqsız reklam, qeyri-dəqiq reklam, gizli reklam.

Haqsız reklam daha çox rəqabət mühitinin pozulduğu, həmçinin əmtəənin reklamının cəmiyyətin maraqlarından üstün tutulduğu hallara şamil olunur. Haqsız reklama daxildir:

  • reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən yaxud yetirə bilən, başqa istehsalçıların yaxud satıcıların əmtəəsinin keyfiyyət və (və ya) kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və (və ya) əmtəəni göstərməklə müqayisə aparılması;
  • müxtəlif vasitələr və (və ya) üsullarla bazar rəqibinin şərəf və ləyaqətinin, işgüzar nüfuzunun aşağılanması;
  • əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklamın verilməsi;
  • reklam olunan əmtəədən istifadə etməyən və ya rəqiblərin əmtəəsindən istifadə edən şəxslərə istehza olunmaqla, başqa şəxslərdə onlara qarşı mənfi rəy formalaşdırmağa cəhd olunması;
  • müəlliflik hüquqlarından və əlaqəli hüquqlardan qeyri-qanuni istifadəsi, başqa əmtəələrin reklam materiallarının plagiatçılığına yol verilməsi;
  • reklam edilən əmtəə başqa istehsalçıların və satıcıların əmtəəsinə çaşqınlıq yarada biləcək dərəcədə bənzədilməsi;
  • reklam edilən əmtəənin sağlamlığa və ətraf mühitə mənfi təsiri barədə məlumatlar qəsdən gizlədilməsi;
  • reklam qadağan olunmuş vasitələr və (və ya) üsullarla, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun (bu hissədə qurum dedikdə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur) müəyyən etdiyi yerlərdən kənarda, qanunla müəyyən olunmuş vaxtdan əvvəl yaxud sonra yayımlanması;
  • reklamı konkret üsulla, konkret vaxtda və (və ya) yerdə qadağan olunmuş əmtəənin yaxud onun əmtəə nişanının, habelə onunla qarışdırıla biləcək dərəcədə yaxın olan əmtəə nişanının reklamından istifadə edilməsi.

Qeyri-dəqiq reklam dedikdə isə reklam olunan əmtəənin cəlbediciliyini artırmaq və ya azaltmamaq üçün istehlakçılara həmin əmtəə barəsində məlumatların yanlış verilməsi və ya təhrif edilməsi başa düşülür. Reklam haqqında qanuna əsasən aşağıdakılar barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur:

  • əmtəənin istehsalçısı, satıcısı və mənşəyi;
  • əmtəənin bazarda mövcudluğu, onun göstərilən miqdarda, vaxtda və yerdə əldə edilməsi imkanları;
  • əmtəənin təyinatı, tərkibi, istehlak xassələri, o cümlədən, istifadə şəraiti, dəstləşdirilməsi, istehsal olunduğu vaxt, yararlılığının son tarixi və istifadə müddəti;
  • reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri;
  • əmtəənin istehlakçıya çatdırılmasının, keyfiyyətinə zəmanət verilməsinin, satışdan sonra servis xidmətlərinin göstərilməsinin, dəyişdirilməsinin, geri qaytarılmasının şərtləri və müddəti;
  • əmtəənin istehsalına (satışına) verilmiş lisenziyanın, uyğunluq sertifikatının mövcudluğu, layiq görüldüyü mükafatlar;
  • dövlətlərin və beynəlxalq təşkilatların rəsmi rəmzlərindən, hüquqi şəxslərin əmtəə nişanlarından, şəxslərin əqli mülkiyyət hüquqlarından istifadəyə hüququn olması;
  • əmtəənin tədqiqinin və sınağının nəticələri;
  • reklam olunan əmtəə barədə əlavə məlumatların alınmasının mümkünlüyü;
  • reklam edilən əmtəənin reklamvericisi, onun reklamının yaradıcısı, istehsalçısı, agenti, yayıcısı;
  • lotereyaların, müsabiqələrin, oyunların, o cümlədən idman mərc oyunlarının və digər tədbirlərin şərtləri, qaydaları və müddətləri, uduşların məbləği və hədiyyələr, onların verildiyi yer və əldəetmə qaydaları, bu cür tədbirlər haqqında məlumat verən mənbə.

Növbəti yol verilməyən reklam növü gizli reklamdır. Gizli reklam reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam” yaxud “reklam hüququ əsasında” qeydi olmadan verilən məlumatdır və istifadəsi qadağandır.

  • Xüsusilə vurğulanmalıdır ki, yol verilməyən reklamı həyata keçirmiş reklam fəaliyyətinin subyekti onu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilmiş müddət ərzində təkzib etməlidir. Bu halda çəkilmiş və tələb olunan bütün xərclər qanunu pozmuş reklam fəaliyyətinin subyekti tərəfindən ödənilir. Əgər istehlakçılar qanunsuz reklamlarla rastlaşarlarsa, bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər.
  • Bununla yanaşı qeyd olunmalıdır ki, açıq məkanda reklamlar üzrə səlahiyyətli dövlət qurumu Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyidir. Agentliyin səlahiyyətlərinə açıq məkanda yerləşdirilmiş reklam qurğularının və yayımlanan reklamların qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaq, onların həmin tələblərə uyğunlaşdırılması üçün göstərişlər vermək, bunun nəticəsi olmadıqda, belə reklam qurğularının sökülməsi barədə qərar qəbul etmək daxildir. Bənzər şəkildə istehlakçılar açıq məkanda reklam haqqında qanunvericiliyin tələblərini pozduqda Agentliyə müraciət edə bilərlər.

Hazırladı: Tural Həsənov – Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi

 

Oxunub: 186

Əvvəlki məqaləMediator olmaq istəyənlərlə bağlı yeni təkliflər irəli sürülüb
Növbəti məqaləNəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı tələbləri pozanlar cərimələnəcək