Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 607 nəfər vəkilliyə namizədin peşə yararlılığının yoxlanılması məqsədilə imtahanın şifahi müsahibə mərhələsi keçirilməkdədir və onlardan növbəti 97 nəfər vəkilliyə namizəd şifahi müsahibə mərhələsində iştirak edib.
Vəkillərin İxtisas Komissiyasından APA-ya verilən məlumatda bildirilir ki, imtahanın nəticəsinə görə, komissiyanın peşə yararlılığına dair rəyini almış 85 nəfər vəkilliyə namizəd iyun ayının 4-də Ədliyyə Akademiyasında başlayacaq icbari təlimə buraxılıb.
İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaq. Həmçinin, namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.
Şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin siyahısı da açıqlanıb.