Yerdəyişmə zamanı müəllimlərlə imtahan keçirilməsi nəzərdə tutulmayıb

“Cari ildə müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi məqsədi ilə keçirilən müsahibələrdə uğur qazanmış müəllimlərlə 2018-2019-cu tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi bağlanılacaq. Bununla əlaqədar həmin müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər”.

APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyindən müəllimlərin yerdəyişməsi ilə bağlı onlara ünvanlanan suallara cavab olaraq bildirilib.

Bildirilib ki, mövcud qaydalara əsasən, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumi təhsil müəssisələrinə dəyişdirilməsi məqsədilə müsahibə və ya imtahanın keçirilməsi nəzərdə tutulmayıb. Bu proses bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək. Müəllimlərin iş yerinin dəyişdirilməsi mərhələsində onların əvvəlki illərdə keçirilmiş diaqnostik qiymətləndirilmədə və yaxud işə qəbul imtahanlarında göstərdiyi nəticələr nəzərə alınacaq. Bu müsabiqə nəticəsində iş yerini dəyişmək imkanı əldə edən namizədlər təsdiq üçün zəruri sənədləri İnsan resursları mərkəzinə təqdim edəcəklər.

Qeyd edək ki, iyunun 4-dən müəllimlərin yerdəyişməsinə başlanılıb. Ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. İş yerini dəyişmək istəyən müəllimlər miq.edu.az saytında onlayn qeydiyyatdan keçməlidirlər. Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir. Yerdəyişmə prosesi iyunun 11-dək davam edəcək.